Ölkənin ən böyük turizm şirkətlərindən biri Azərbaycan Konqreslər Bürosuna qoşulub

Ölkənin ən böyük turizm şirkətlərindən biri Azərbaycan Konqreslər Bürosuna qoşulub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu daha bir peşəkar turizm bazarı iştirakçısını – "Improtex Travel & Tours and Conferences" turizm şirkəti öz üzvlüyünə qəbul edib. SİA-nın verdiyi məlumata görə, xarici turistlərin qəbulu üzrə ölkənin ən böyük turizm şirkətlərindən biri olan "Improtex Travel" 1991-ci ildən fəaliyyət göstərir və Azərbaycanın ilk özəl turizm təşkilatıdır.

"Improtex Travel & Tours and Conferences" şirkətinin əsas fəaliyyət istiqamətləri Azərbaycan vətəndaşlarının xarici ölkələrə turistik və iş səyahətlərinin təşkili, bütün beynəlxalq reyslər üzrə aviabiletlərin bron edilməsi və satışı, Azərbaycanda yaradılmış turist qruplarının və beynəlxalq mərasimlərin iştirakçılarının qarşılanması və onlara xidmət göstərilməsi, şəhərimizin sakinləri və qonaqları üçün ekskursiya xidmətlərinin təşkili və s. daxildir. Şirkətin ölkəmizin bir çox rayonlarında - Gəncədə, İsmayıllıda - tarix-etnoqrafiya qoruğu olan Lahıcda, Qaxda filialları var və rayonlar üzrə agent şəbəkəsinə malikdir.

Improtex Travel həmçinin bir çox beynəlxalq nüfuzlu turizm təşkilatlarının üzvüdür ki, bu təşkilatlar arasında ASTA (Amerikanın Səyahət Subyektlərinin Cəmiyyəti), JATA (Yaponiyanın Səyahət Subyektlərinin Assosiasiyası) və AZTA-nı (Azərbaycan Turizm Assosiasiyası) qeyd etmək olar. Şirkət həmçinin qonşu ölkələrin turist şirkətləri ilə birgə "İpək yolu" alyansı yaradıb və eyni zamanda Rusiyanın Ən Yaxşı Şərq Mehmanxanaları təşkilatının Azərbaycandakı baş tərəfdaşı və koordinatorudur.

MICE (biznes turizm) sahəsinə xüsusi önəm verən "Improtex Travel & Tours and Conferences" həmçinin qala tədbirlərin və ekskursiyaların təşkili, loqistik xidmət və dəstək təminatı, Bakı və ölkənin regionlarında mehmanxana sifarişi, korporativ tədbir və sorğuların təşkili, əyləncəli tədbirlərin hazırlanması, müxtəlif tədbirlər üçün aparıcı və eyni zamanda bələdçi təminatı, tədbir məkanlarının seçilməsi və digər sahələrdə ixtisaslaşıb.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılmış, Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başladığı ilk günlərdən Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır.

Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqını (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq ölkənin MICE bazarında işləyən təşkilat və müəssisələri, habelə mehmanxanaları bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.

Qeyd edək ki, hazırda Büronun 22 üzvü var.

Bütün xəbərlər Facebook səhifəmizdə