Bu gün Nizami Kino Mərkəzində kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi "Qanlı Yanvar" filminin təqdimat mərasimi baş tutub. SİA-nın verdiyi məlumata görə, təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, filmin yaradıcı heyəti iştirak ediblər.
Azərbaycanın müstəqillik tarixinin qanlı və şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələri poetik düşüncəmizdə, teatr səhnəmizdə, bədii publisistikamızda öz əksini tapsa da, hələ də bədii ekran həyatını yaşamayıb.
"Qanlı yanvar" filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar ordunun Bakıya soxulması və qanlı qırğın törətməsini əks etdirən dramatik səhnələr yer alıb.
Qanlı yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb.
Müəllif toxunduğu mövzunun bəşəri mahiyyətini realistcəsinə vermək məqsədilə çəkilişlərə, xüsusi olaraq, beynəlmiləl heyəti cəlb edib. Onların sırasında dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılığı ilə çəkiliş qrupu yer alıb. Həmin əcnəbi sənətkarlar yerli komanda ilə mükəmməl bir iş ortaya qoya bilib.
"Qanlı yanvar" filmi bir çox ölkələrdə nümayiş olunacaq, Azərbaycanı nüfuzlu Beynəlxalq Film festivallarında təmsil edəcək.
Film "Bakı film", ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına çəkilib. Ekran əsərinin çəkilişlərinə dövlət tərəfindən də böyük dəstək verilib.
Qeyd edək ki, film alqışlarla qarşılanıb. Belə ki, tamaşaçılar "Qanlı yanvar" filmini yanvarın 20-dən etibarən ölkə kinoteatrlarında izləyə biləcəklər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB