Buludxan Xəlilov: "Koordinasiya Mərkəzi yaradılmalıdır" MÜNASİBƏT
"Biz mədəni abidələrimizin siyahısını dəqiqləşdirib, kitab şəklində çap etdirib düzgün təbliğ etdirməliyik". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov söyləyib.
Onun sözlərinə görə, bu işlər yalnız ölkə daxilində deyil, beynəlxalq müsatəvidə həyata keçirilməlidir: "Belə ki, səfirliklər, daimi nümayəndəliklər vasitəsilə biz mədəniyyət abidələrimizi kanallarda, radio dalğalarında, qəzet və jurnal səhifələrində müntəzəm təbliğ etdirməliyik. Təəssüflər olsun ki, ermənilər bizim mədəniyyət abidələrimiz, məişətimiz və adət-ənənələrimiz barədə qondarma fikir yürüdüb. Düşünürəm ki, abidələrimizə sahib çıxmalıyıq. Bu yalnız sözdə olmamalıdır. Təbliğat işlərini genişləndirməliyik. Təəssüf ki, biz özümüzə aid olan mədəni abidələrimizi tam şəkildə dünyaya tanıda bilməmişik. Ona görə də bu istiqamətdə ciddi işlər görülməlidir. Hesab edirəm ki, təkcə mədəni abidələrimizin adı deyil, onların yaranma tarixi haqda geniş məlumat verilməliyik. Bu istiqamətdə ensiklopedik kitablar buraxılmalıdır. Amma nədənsə bu tip kitablar demək olar ki, dərəcəsindədir. Bu gün ölkəmizin iqtisadiyyatı güclənir, tərcümə mərkəzləri yaradılıb. Bu kimi mərkəzlərin imkanlarından istifadə etmək lazımdır. Çox istərdim ki, tərcümə mərkəzləri bu gün Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi və digər nazirliklərə müraciət etsinlər. AMEA-nın müvafiq Tarix, Etnoqrafiya, Dilçilik, Ədəbiyyat İnstitutu və digər təhsil orqanlarına müraciət edib, mədəniyyət abidələri ilə bağlı tanınmış ziyalılarımız, görkəmli elm xadimlərimiz, o sahə ilə əlaqəli olan elm adamlarımızın məqalələrini toplayıb, sifariş verib, kitab yazdırsınlar. Təbii ki, qonorar vermək şərti ilə. Bu kitablar ensiklopedik mahiyyətdə dünyanın müxtəlif dillərində tərcümə edilsin. Bu gün dünya qapıları üzümüzə açıqdır və biz ölkəmizin mədəni abidələri və digər tarixi məlumatları beynəlxalq dillərə tərcümə edərək bütün ölkələrə çatdlrmaq imkanına malikik. Müasir dünyanın dili informasiya, bilgilər üzərində qurulub. Bu rəqabətə hazır olmalıyıq. Sadəcə olaraq gözləmək şərti ilə yox, işimizi irəli aparmalıyıq. Ona görə də işlər görülməlidir. Qloballaşan dünyanın bir göstəricisi də ondan ibarətdir ki, informasiyanı çevik formaya gətirmək lazımdır. Bunun üçün Koordinasiya Mərkəzi yaradılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB