Nizami Kino Mərkəzində “ulduz paradı” davam edir

Nizami Kino Mərkəzində “ulduz paradı” davam edir

Milli və xarici filmlərin qala-gecələrinin nömrə № 1 məkanı olan Nizami Kino Mərkəzi növbəti "ulduz paradı"na hazırlaşır. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 29 –da Türkiyənin ən məşhur aktyorları –"Möhtəşəm yüz il" serialının "Malkoçoglu" (Burak Özçivit) və "Sünbül ağası" (Selim Bayraktar), həmçinin cazibədar Fahriye Evcen "Aşk sana benzer" filminin qala – gecəsinə qatılmaq üçün Nizami Kino Mərkəzinə gələcəklər.

Ceylan Güzelcenin ssenarisi əsasında rejissor A. Taner Elhanın, lentə aldığı bu romantik dram, bir balıqçı qəsəbəsində başlayan məhəbbət hekayəsindən bəhs edir. Ailəsindən qalan restoranı ayaqda saxlamaq üçün çarpışan Əli, bir gün qəsəbəyə yeni gəlmiş gözəl qızla –Denizlə qarşılaşır. İlk baxışdan bir-birlərindən xoşu gələn gənclərin sevgisinə yaxın bir vaxtda bütün qəsəbə şahid olur. Amma Denizin keçmişindən gələn biri onların eşqinə mane olmağa çalışır.

Qala –gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Fahriye Evcen, Burak Özçivit, Selim Bayraktar filmin rejissoru A.Taner Elhan və yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə