“Şəhidlər ölməz, Vətən bölünməz” Biləsuvarda FOTOLAR

“Şəhidlər ölməz, Vətən bölünməz” Biləsuvarda FOTOLAR

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin imzaladığı "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na müvafiq olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin "Bura Vətəndir" məclisinin, Mərkəzin Qadınlar Şurasının, Məlhəm Humanist Qadınlar İctimai Birliyinin, Şəhid Anaları Mərkəzinin birgə layihəsi çərçivəsində Biləsuvar rayonunda görüşlər olub.

Öncə Biləsuvar rayon İcra Hakimiyyəti qarşısında ulu öndər Heydər Əliyevin heykəli önündə onun əziz xatirəsi yad edilib. Daha sonra dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi, qohumları və buraya gələnlərlə görüş olmuş, Milli Qəhrəmanın muzeyi və rayonun Şəhid məzarları ziyarət edilib. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xanlar Məmmədov, ictimai və humanitar şöbənin müdiri Xəyalə Məmmədova ilə də görüş olub. Keçirilən görüşlər zamanı Gənc Tamaşaçılar Teatrının redaktoru, "Bura Vətəndir" Məclisinin sədri, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova çıxış edərək bildirmişdir ki, Gənc Tamaşaçılar Teatrında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əziz övladlarımızın xatirəsi daim diqqətdə saxlanılır. Teatrın repertuarında Xalq Artisti Cənnət Səlimovanın quruluş verdiyi Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşası, "Şəhidlər ölməz, Vətən bölünməz" layihəsi çərçivəsində şair Fəridə Ləmanın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi "Təəssüb" poeması əsasında "Mübarizli Vətən", şair Şövkət İmaminin Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya həsr etdiyi "Zirvələr fatehi Gültəkin" poeması əsasında eyniadlı ədəbi-musiqili kompozisiyalar ictimaiyyətə təqdim olunmuş və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, rayonun rəhbərliyi adından Xanlar Məmmədov və görüş iştirakçıları "Şəhidlər ölməz, Vətən bölünməz" layihəsini təqdirlə qarşılandığını dilə gətirib, onun böyük əhəmiyyəti və vacibliyini vurğulayıb, gələn qonaqlara və qeyd olunan təşkilatlara öz təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə