Prezident İlham Əliyev Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, Sərəncamda bildirilir ki, 2015-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 ili tamam olur.
Qeyd olunur ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edib.
Sərəncamda milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş etmiş xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, şairin yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB