“20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” FOTOLAR

“20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” FOTOLAR

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XXV ildönümünə həs olunan konfrans və "20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. SİA-nın verdiyi məlumata görə, tədbir 20 yanvar faciəsində şəhid olanları 1 dəqiqəlik sükutla və tədbir iştirakçılarının ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə 20 yanvar faciəsinə həsr edilən video çarx nümayiş edilib.

Gəncliyə Yardım Fondunun direktoru Əhməd Tecin bildirib ki, 20 Yanvar faciəsində ölən soydaşlarımız vətən, torpaq uğrunda şəhid olublar: " Şəhid olmaq ölmək demək deyildi. Şəhid olmaq şahid olmaq deməkdir. Şahid olmaq isə bütün zamanın və məkanın üstünə çıxaraq ruhu ölçüsüzləşdirmək deməkdir. İllər keçsə də, tarixi faciənin şahidi olan şəhidlik zirvəsinə ucalanlar yaddan çıxmayacaq və əbədi olaraq qəlbimizdə və tarixin yaddaşında yaşayacaqlar".

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Raqif Abbasov çıxış edərək Azərbaycanın müstəqilliyinin qazanılmasında 20 Yanvar şəhidlərinin əvəzsiz rolu olduğunu vurğulayıb. Bildirib ki, müstəqilliyimiz şəhidlərin qanı bahasına başa gəlib: "Bu cür silsilə tədbirlər keçiriləcək. Həmçinin 20 yanvar ərəfəsində rəsm müsabiqəsinin qaliblərinin də mükafatlandırma mərasimi baş tutacaq. Gənclərimiz Azərbaycan tarixini yaxşı mənimsəməli, qəhrəmanlarımızın şücaətini hər zaman dəqiqliklə bilmələri çox vacib şərtlərdəndir. Bu gün 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında tələbə hərəkatının da çox böyük rolu var. Mən tələbə hərəkatını Qarabağ məsələsi və 20 Yanvarla bağlı məsələlərin dünyaya çatdırılmasında fəal olmağa çağırıram. Yəni, gənclər mövqeləri daxilində savadla, elmlə ümumi faktlara əsaslanaraq mübarizə aparsa biz qalibiyyətə daha tez yaxınlaşarıq və torpaqlarımızın azad olunmasına nail olarıq".

Daha sonra "20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi olub. Müsabiqə Bakı şəhərinin 11 rayonları arasında keçirilib. Rayon mərhələsində qalib olan inşalar Bakı mərhələsində iştirak ediblər. I, II və III yeri tutmuş və fərqlənmiş iştirakçılar Baş İdarə tərəfindən pul və diplomlarla mükafatlandırılıblar.

I yer Qurbanova Həvva (Xətai rayonu)

II yer Quliyev Orxan (Xəzər rayonu)

III yer Abbasov Əziz (Qaradağ rayonu)

Bütün xəbərlər Facebook səhifəmizdə