Gənc nəsil kitab oxumağa maraq göstərirmi? SORĞU-FOTOLAR

Gənc nəsil kitab oxumağa maraq göstərirmi? SORĞU-FOTOLAR

"Son zamanlar gənc nəsil kitab oxumağa maraq göstərirmi?" sualı altında sorğu keçirdik. Həmin sorğunu SİA oxucularına təqdim edirik:

Xalq şairi Fikrət Qoca: "Hazırda gənclərimiz diqqətini internetə, sosial şəbəkəyə yönəldirlər. Bəzən insanların kitabda tapa bilməyəcəyi məsələləri bir dəqiqənin içərisində internetdən əldə edə bilirlər. Təbii ki, müasir dövrdə yaşayırıq və bu günün tələbi olduğu üçün insanlar internetdən daha çox istifadə edir. Hətta internet artıq insan cibinə də girib. İstədiyimiz zaman internetə girib bizi maraqlandıran mövzuları araşdıra bilirik. Onu da deyim ki, hər bir sahənin özünün auditoriyası var. Yəni bu gün kitaba da, internetə də maraq göstərənlər var".

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu: "Hər şey müqayisədə gözəldir. 90-cı illərin əvvəllərində bütün dəyərlər itmiş, seçimlər dəyişmişdi. Həmin dövrdə nəinki kitab, hətta heç bir şey mövcud deyildi. Beləliklə 90-cı illərin ortalarından başlayaraq hər şey öz ilkin mənasını kəşf etməyə başladı. Artıq sevindirici haldır ki, yeni kitablar nəşr olunur və oxucuların sayı artmaqdadır. Bəzi insanlar sosial şəbəkələrdən istədiyini tapa bilmədikləri üçün yenidən kitaba qayıdırlar. Hesab edirəm ki, kitaba qayıdış müasir dövrün ən böyük inqilabıdır. Bununla da kitaba axın olacaq".

Yazıçı, publisist Əkbər Qoşalı: "Son dövrlər dövlətin qayğısı nəticəsində milli mədəniyyətimizin inkişafı ilə yanaşı, kitaba da böyük maraq göstərildi. Kitaba münasibətsizlik dövrünü artıq keçdik. Şükürlər olsun ki, son illər ayrı-ayrı nəşriyyatların timsalında Azərbaycan kitabı, kitab sənayesi yenidən inkişaf etməyə başladı. Düşünürəm ki, 2014-cü illərdə kitab təqdimatını göz önündə tutaraq artıq oxucularımızda, xüsusilə də gənclərimizdə kitaba maraq böyük ölçüdə artmaqdadır. Ayrı-ayrı satış məntəqələrində təqdimatlar sübut edir ki, kitabsızlıq dövrü başa çatıb".

Bütün xəbərlər Facebook səhifəmizdə