Gənc Tamaşaçılar Teatrından yeni ilin ilk premyerası

Gənc Tamaşaçılar Teatrından yeni ilin ilk premyerası

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni - 2015-ci ilin ilk premyerasını təqdim etməyə hazırlaşır. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görkəmli ingilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə kollektiv dahi dramaturqun "III Riçard" tamaşasını yanvar ayının 25-də geniş tamaşaçı auditoriyası və respublika teatr ictimaiyyəti üçün nümayiş etdirəcək.

Azərbaycan teatrında uzun illər müraciət olunmayan "III Riçard" tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

Qeyd edək ki, görkəmli dramaturqun dünyaca məşhur "III Riçard" tamaşasının premyerası 2015-ci ilin yanvar ayının 25-də saat 19:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə