Tarlan Seidovdan bəhs edən miniatür kitab

Tarlan Seidovdan bəhs edən miniatür kitab

Azərbaycan Respublikasının "Kitab" Cəmiyyəti tərəfindən rus dilində "Tarlan Seidov – muzıkant, iskusstvoved, pedaqoq" ("Tərlan Seyidov – musiqiçi, sənətşünas, pedaqoq") miniatür kitabı "İndiqo" mətbəəsində nəfis tərtibatla çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, miniatür kitab xalq artisti Fərhad Bədəlbəylinin "Musiqi sənətinə və təhsilinə sədaqətlə xidmət" sərlövhəli (Predannoye slujeniye muzıkalnomu iskusstvu i obrazovaniyu) məqaləsi ilə başlanır. Məqalə Tərlan Seyidovun Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji, eləcə də prorektor fəaliyyəti, həyata keçirdiyi cəsarətli, orijinal ideyaları və layihələrindən bəhs edir.

Miniatür kitabda görkəmli bəstəkar Qara Qarayevin, SSRİ xalq artisti, P.Çaykovski adına Moskva Konservatoriyasının professoru Lev Vlasenkonun, xalq artistləri Rauf Atakişiyev, Tofiq Quliyev, Firəngiz Əlizadə və Arif Məlikovun məqalələri yer alıb.

Bu məqalələrdə bir daha diqqətə çatdırılır ki, Tərlan Seyidov Azərbaycan fortepiano sənətini XIX əsrin sonundan bu günədək araşdıraraq elmi məktəbin əsaslarını qoyub. O, nəzəri və praktik əhəmiyyətə malik 100-dən artıq elmi işin, monoqrafiyaların, məqalə və tədris vəsaitlərinin müəllifidir. Bu tədqiqatların nəticəsi tələbələrin təcrübi və nəzəri təhsili üçün xüsusi əhəmiyyətə malikdir.

Tərlan Seyidovun Azərbaycan fortepiano musiqisi sahəsində son tədqiqatlarından biri musiqi məktəbi və kollecləri üçün yazdığı Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" kimi dahiyanə irsini təcrübədə öyrənməyə imkan verən dərs vəsaitidir.

Kitabda diqqətə çatdırılır ki, Tərlan Seyidovun təşkil etdiyi "Azərbaycan bəstəkarlarının fortepiano və orqan sonataları" adlı silsilə konsertlər, bir sıra festivallar və müsabiqələr musiqi mədəniyyətimizin həyatında mühüm hadisə olub. Bu tədbirlər musiqi məktəbi şagirdlərinin intellektinin artırılmasına şərait yaradır, ifa etdiyi əsərlərə qarşı daha diqqətli və məsuliyyətli olmağa cəlb edir.

Qeyd edək ki, ümumilikdə 126 səhifədən ibarət miniatür kitabda 16 rəngli və ağ-qara fotoşəkil yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə