“Yevgeniy Onegin” operasının premyerası baş tutub

“Yevgeniy Onegin” operasının premyerası baş tutub

Vasiliy Safonov adına Rusiya Dövlət Akademik Filarmoniyası və Opera Teatrının böyük zalında P.Çaykovskinin "Yevgeniy Onegin" operasının premyerası keçirilib. SİA-nın verdiyi məlumata görə, dahi rus bəstəkarının 175illik yubileyinə həsr olunmuş premyera Rusiyanın Mədəniyyət Nazirliyi və Safonov adına Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutub.

Operanın musiqi rəhbəri - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rejissoru Andrey Nogin, quruluşçu rəssamı Mariya Pavlova, işıq üzrə rəssamı Sergey Berejnoydur.

Tamaşada Rusiya, Azərbaycan və Belarusun tanınmış musiqiçiləri iştirak ediblər. Əsas rolları beynəlxalq müsabiqələr laureatı Sergey Maydanov (Onegin), Rusiya Böyük Teatrın solisti İlya Qovziç (Lenskiy), beynəlxalq müsabiqələr laureatları Yelena Filimonova (Tatyana), Natalya Starkova (Olqa), Rusiyanın "Gelikon Opera" və Böyük Teatrın solisti, Fyodor Şalyapin adına mükafatın laureatı Mixail Qujov və başqaları ifa ediblər.

Tamaşada eyni zamanda Rusiya Akademik Filarmoniyasının xoru və simfonik orkestri iştirak edib. Dinləyicilər böyük qismi operanı ayaq üstə dinləyib.

Qeyd edək ki, dirijor Əyyub Quliyevin iştirakı ilə "Yevgeniy Onegin" operası ilə yanaşı, 2014-cü ildə Rusiyada A.Rubinşteynin "Demon", C.Verdinin "Traviata", P.Çaykovskinin "İolanta" və Q.Donisettinin "Sevgi şərbəti" operalarının premyeraları gerçəkləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə