Elçin Hüseynbəylinin hekayələri Vilnüsdə nəşr olunub

Elçin Hüseynbəylinin hekayələri Vilnüsdə nəşr olunub

Yazıçı-dramaturq Elçin Hüseynbəylinin hekayələri Litva Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə Vilnüsdə çap edilib. SİA-nın verdiyi məlumata görə, yazıçının "Oyun", "İlk öpüş" və "Qumru quşu" adlı hekayələri Litva Yazıçılar Birliyinin "Ədəbiyyat və İncəsənət" və "Şimal Afinası" nəşrlərində işıq üzü görüb.

Hekayələri Litva dilinə Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə ediblər.

Bundan əvvəl E. Hüseynbəylinin "Sular günəşə nəğmə oxuyanda", "Məzar gəlini" və "Gözünə gün düşür" hekayələri Litvada nəşr olunub.

Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabrın 23-də Cəbrayıl rayonunda anadan olub. 2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə isə Prezidentin xüsusi mükafatına layiq görülüb.

2001-ci ildə "Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri", 2007-ci ildə "Humay", 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" (nəsr üzrə ilk nominant kimi), eləcə də bir sıra ədəbi ödüllərə layiq görülüb.

Qeyd edək ki, hekayə və romanları ali və orta məktəblərdə tədris olunur. "Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam" kitablarının, səkkiz romanın, yüzə qədər hekayə, esse və bədii məqalənin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə