İlham Azmanlının 50 illik yubileyinə həsr edilmiş konsert keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvü, İlham Azmanlının 50 illik yubileyinə həsr edilmiş konsert keçirilib. SİA-nın verdiyi məlumata görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən gecədə ABİ-nin katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov bəstəkara ittifaqın təbrik ünvanını təqdim edərək bugünkü konsertin onun 50 illik ömrünün hesabatı olduğunu söyləyib.
İ.Azmanlının musiqinin bir çox janrlarında əsərlər yazdığını vurğulayan ABİ-nin katibi onun vətənpərvər ruhlu əsərlər qələmə aldığını qeyd edib.
Bəstəkarın pedaqoji fəaliyyəti haqqında məlumat verilib və bildirilib ki, hazırda İ.Azmanlı 10 nömrəli musiqi məktəbində gənc nəslə musiqinin sirlərini öyrədir.
Sonra kamera musiqisindən ibarət konsert təqdim edilib. Konsertdə bəstəkarın "Woodwind quartet" ("Ağac nəfəs alətləri üçün kvartet"), "Rənglər ¹", "Bakı küləyi", "Bachiana-Bakuana" (klarnet və piano üçün 7 hissəli silsilə) və "Papirus üzərində yazılmış hekayə" əsərləri səsləndirilib.
Musiqiləri İnci Azmanlı, Aynur Abdullayeva və "Baku Simfonietta" orkestrinin solistləri ifa ediblər.
Xatırladaq ki, müxtəlif janrlarda musiqilərin müəllifi olan İlham Azmanlı görkəmli bəstəkar, xalq artisti Xəyyam Mirzəzadənin sinfini bitirib. Onun bəstələri texnika, üslub və forma baxımından öz orijinallığı ilə seçilir. Milli mədəniyyəti bəşəri mədəniyyətin ayrılmaz hissəsi olaraq dərk edən İ.Azmanlı öz ideyalarını ifadə etmək üçün müxtəlif zamanlara və fərqli məkanlara mənsub olan üslubları bir araya gətirir və beləliklə də öz fərdi üslubunu yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB