M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən hazırlanmış, tərcümə və çap olunmuş 16 kitabın təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, kitablar "Dmitro Buraqo" Nəşriyyat evində Ukrayna dilində çap olunub.
Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki. Azərbaycanın Ukraynadakı səfirliyi ölkəmiz haqqında kitabların tərcüməsi, nəşri və təbliği istiqamətində böyük işlər görür. Bu yaxınlarda V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında həmin kitabların təqdimatı olub. Tədbirin təşəbbüskarları Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanası və Ukrayna Milli Kitabxanası olub. K.Tahirov vurğulayıb ki, kitablar Azərbaycan siyasətinin, mədəniyyətinin təbliğində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin çatdırılmasında yaxşı vasitədir.
Həmin kitabların təqdimatını Bakıda da keçirmək qərara alınıb.
Mədəniyyət və Turizm Nazirliyinin Reklam və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, yazıçı, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Qənirə Paşayeva və başqaları ölkəmiz haqqında həqiqəti çatdıran kitabların xarici ölkələrdə nəşrinin və yayılmasının əhəmiyyətindən danışıblar.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli tədbirdə təqdim olunan kitabların hər biri haqqında qısa məlumat verərək yüksək peşəkarlıqla görülmüş işə görə müəlliflərə, tərcüməçilərə və naşirlərə təşəkkür edib. O, səfirliyin planlarından, ölkəmizin tarixi və müasir həyatı haqqında çoxlu sayda kitabın tərcüməsi və hazırlanması istiqamətində görülən işlərdən danışıb. E.Mədətli xarici ölkələrdə çap etdirdiyi kitabları Milli Kitabxananın fonduna verib.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bildirib ki, təqdim olunan nəşrlər arasında tarixi mövzuda kitabların sayı az deyil. O deyib: "Ukraynalıların Azərbaycanın həqiqi tarixini, o cümlədən Dağlıq Qarabağın tarixini bilmələri çox vacibdir. Bütün bu kitablar xalqlarımızın bir-birini yaxından tanımasına imkan verir".
Ukrayna və ingilis dillərində aşağıdakı kitablar təqdim olunub: Y.Mahmudov - "Heydər Əliyev ideyalarının zəfər yürüşü", V.Andriyanov və H.Mirələmov - "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti", Aida İmanquliyeva - "Seçilmiş məqalələr", M.Qasımlı, O.Kupçik, A.Dəmirov - "Ukrayna-Azərbaycan siyasi münasibətləri və müasirlik", R.Mehdiyev - "Gorus-2010: absurd teatrı mövsümü", "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix", O.Kupçik və A.Dəmirov - "Kiyev şəhərinin azərbaycanlı tələbələri Ukraynanın ictimai-siyasi həyatında (1900-1917)" (rus dilində), R.İvanov - "Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər", İsa Həbibbəyli - "XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı", Mir Cəlal Paşayev - "Yolumuz hayanadır?", Mirzə Fətəli Axundzadə -"Seçilmiş əsərlər", A.Merejko – "Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq" (rus və ingilis dillərində), R.Novruzov və İ.Qasımov - "Azərbaycan dili. Ukraynalı tələbələr üçün dərs vəsaiti".
Bundan əlavə, təqdimatda A.Denisenko, V.Turkeviç və L.Şpakovskinin "İki dövrün lideri. Azərbaycan-Ukrayna münasibətləri Heydər Əliyevin həyatı və fəaliyyəti prizmasında" (Ukrayna və ingilis dillərində) və İ.Pavliyin "Azərbaycan-Ukrayna, Ukrayna-Azərbaycan lüğət" kitabları maraqlı nəşrlər kimi tanışlıq üçün təklif olunub.
Tədbirdə Səməd Vurğun adına Kiyev kitabxanasının direktoru Qalina Çebotoryova, Nəşriyyat evinin direktoru Dmitro Buraqo da çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB