Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Azərbaycan Ədəbiyyatı İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin "Seçilmiş əsərləri"nin VII cildliyi, "İraq-Türkman nağılı" və Vaqif İsaqoğlu tərəfindən alim haqqında yazılmış "Mənalı ömrün dastanı" kitablarının təqdimatı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə kitabxananın foyesində alimin əsərlərindən ibarət sərgiyə baxıblar.
Kitabxananın direktoru Kərim Tahirov alimin külliyyatının Milli Kitabxananın fondunda mühafizə edildiyini bildirib.
Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, xalq şairi Zəlimxan Yaqub, filologiya elmlər doktoru Şirindil Alışanlı, əməkdar incəsənət xadimi Ayaz Vəfalı, əməkdar incəsənət xadimi Flora Xəlilzadə və başqaları Qəzənfər Paşayevin sənətindən və şəxsiyyətindən, əsərlərinin müxtəlif çalarlarından, yaradıcılığının mahiyyəti və miqyasından, yaratdığı əsərlərin xəlqiliyindən danışıblar.
Vurğulanıb ki, "Kərkük bayatıları", "Arzu-Qəmbər dastanı", "Kərkük mahnıları", "Rusca-ərəbcə danışıq kitabı", "İraq-Kərkük atalar sözləri", "İngiltərə haqqında" və s. əsərləri ona ümumxalq məhəbbəti qazandırıb.
Bildirilib ki, xalqımızın yaradıcılıq ənənələrini, düşüncə tərzini yaşadan alim İraq-kərkük folkloruna həsr etdiyi "Altı il Dəclə-Fərat sahillərində" kitabı ilə tanınıb və bununla da onun yaradıcılığı ədəbiyyatımızın ədəbi "sərhəddinə" çevrilib.
Çıxış edənlər bildiriblər ki, tükənməz enerji ilə yazıb yaradan, ərəb, ingilis, türk, rus dillərini mükəmməl bilən alim tərcümələri ilə də ölkədən-ölkəyə mənəvi körpü salıb.
Sonda çıxış edən alim tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitablarını imzası ilə oxuculara təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB