Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 2014-cü ilin "Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi" müsabiqəsi qaliblərinin təltifolunma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İarəsinin 2014-cü il ərzində həyata keçirdiyi layihələri və tədbirləri əks etdirən videoslaydın nümayişi ilə başlayıb.
Mərasimdə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev artıq ənənəvi olaraq təşkil edilən müsabiqənin məqsədinin il ərzində mədəniyyət müəssisələrinin və işçilərinin ən fəallarını müəyyənləşdirmək və qiymətləndirmək olduğunu söyləyib. Bildirib ki, ümumilikdə, 2014-cü il çoxlu sayda keçirilən tədbirlərlə yadda qalıb.
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova da öz çıxışında bütün mədəniyyət işçilərini təbrik etdi və mədəniyyət ocaqlarının, musiqi məktəblərinin, kitabxanaların yüksək səviyyədə fəaliyyət göstərdiyini bildirib.
İdarənin rəisi Əlikram Əliyev çıxış edərək, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin adından şəxsən təbrik edib, Azərbaycan Respublikasının ictimai - mədəni həyatında göstərdikləri səmərəli xidmətlərinə görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyevaya, baş məsləhətçi-mühasibi Liliya Satonkinaya, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Elgün Əliyev və C.Cabbarlı ev - muzeyinin direktoru Qəmər Bağırovaya Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanını təqdim edib.
Sonra "Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi" müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Ənənəvi xarakter daşıyan müsabiqədə qaliblər ilin ən fəal müəllimi, məktəbi, musiqiçisi, vokalisti, xoreoqrafı, aktyoru, rejissoru, mədəniyyət müəssisəsi, bədii rəhbəri, mədəni-maarif işçisi, xalq kollektivi, muzey işçisi, kitabxanaçısı, kitabxanası, Heydər Əliyev Mərkəzi, saytı, ən yaxşı tədbiri, hərbi vətənpərvərlik sahəsində göstərilən mədəni xidmətlərə görə, "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" nominasiyası, ilin ən fəal əməkdaşlığı və sair olmaqla 20-dən çox nominasiya üzrə müəyyənləşdirilib.
Tədbirdə qaliblərə fəxri fərmanlar, diplomlar, plaketlər, pul mükafatı və hədiyyələr təqdim olunub.
Həmçinin, tədbirdə İdarənin rəisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 dekabr 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar Mədəniyyət işçisi " adına layiq görülmüş M.S.Ordubadinin xatirə ev-muzeyinin direktoru Lalə Abbas-zadəni təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb.
"İlin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi" müsabiqəsində bu ildən etibarən ilk dəfə təsis edilmiş "İlin istedadlı və yaradıcı gənci" nominasiyası üzrə mükafata isə Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Səfər Məmmədov layiq görülüb.
Tədbir Azərbaycanın əməkdar artisti Mircavad Cavadovun rəhbərlik etdiyi "Cəngi" Estrada Folklor ansamblının ifasında konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB