“Təbiətdə izi qalan meşəçilər” FOTOLAR

“Təbiətdə izi qalan meşəçilər” FOTOLAR

Yazıçı-publisist Əlləz Vəliyevin yeni "Təbiətdə izi qalan meşəçilər" kitabı çapdan çıxıb. Bu haqda SİA-ya Ə.Vəliyevin özü məlumat verib. Bildirib ki, sözügedən kitabda Azərbaycan Respublikasının tanınmış təbiətşünasları, meşə təsərrüfatı işinin görkəmli təşkilatçıları, meşəçi-alimlər, meşələrin qorunmasında xüsusi əməyi olan meşəçilər, meşə gözətçiləri və onların sayəsində salınmış və qorunub bu günümüzə ərməğan edilmiş gözoxşayan meşəliklər haqqında məlumatlar yer alıb: "Yolum hər dəfə meşələrdən düşəndə sevincimi, heyrətimi gizlədə bilmirəm. Fikirlərim təzələnir, yaşamaq, yaratmaq həvəsim artır, elə bil, bir az da cavanlaşıram. Dünyanı bir anlığa meşələrsiz təsəvvür edəndə varlığım kədərə bürünür, həyat gözümdə mənasızlaşır. Tarixən Azərbaycan ərazilərinin çox hissəsi meşələrlə örtülü olub. Yüzilliklərdən sonra bizə onun ancaq kiçik bir payı gəlib çatıb. Meşə təbiətin ən qiymətli, vacib, əvəzolunmaz komponentidir. Meşə olmasa, bütün canlı varlıq, sivilizasiya məhv olar. Meşə şairlərin, rəssamların ilham mənbəyidir. İnsanlara gözəllik hissi, sevinc duyğuları bəxş edir. Dünyanı meşəsiz təsəvvür etmək mümkünsüzdür. Meşələrin insan cəmiyyətinin həyatında oynadığı rolu nəzərə alaraq, qərara gəldik ki, Azərbaycanın görkəmli ziyalısı, müsəlman dünyasının ilk təbiətşünas alimi Həsən bəy Zərdabi, meşə təsərrüfatı üzrə mütəxəssislərin yetişdirilməsində böyük rolu olan görkəmli meşəçi, dramaturq Nəcəf bəy Vəzirov, vətənə və xalqa təmənnasız xidmətləri ilə Azərbaycan xalqının yaddaşında əbədi iz buraxmış şəxsiyyətlər sırasında özünəməxsus yerin olan akademik Həsən Əlirza oğlu Əliyev, meşəçi-alim İbrahim Səfər oğlu Səfərov və başqalarının əvəzsiz xidmətləri öz əksini tapır. "Təbiətdə izi qalan meşəçilər" kitabında işıqlandırmaqla onları gələcək nəsillərin yaddaşına köçürüb tarixləşdirək. Təbiətsevər Ümummilli Lider Heydər Əliyev respublikada meşələrin bərpasına, artırılmasına, mühafizəsinə həmişə diqqət yetirib və deyib: "Hər kim bir ağac kəsirsə, elə bil mənim qollarımı kəsir". "Meşələr bizim təbii sərvətimiz, onu qorumaq isə vətəndaşlıq borcumuzdur". Bəli, Ulu Öndərin əsasını qoyduğu ekoloji siyasət, meşələrin, parkların, yaşıllıqların salınması işi bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətdə bir çox layihələr uğurla həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə