"Azərbaycan Vətənimizdir! "

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbində Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət , adət və ənənələrinə həsr olunmuş "Azərbaycan Vətənimizdir!" adlı sərgi-konsert keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir məktəbin rəsm sinif şagirdlərinin "Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətinin inkişafı" mövzusuna həsr edilmiş rəsm işlərinin nümayişi ilə başlayıb.

Tədbirin aparıcısı bütün qonaqları salamlayaraq, qarşıdan gələn Yeni il və 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edib. Həmçinin qeyd etdi ki, ölkəmizdə azərbaycanlılardan başqa 30-dan çox xalqın nümayəndəsinin yaşadığını vurğulayıb. Onların bəziləri aborigen – yəni yerli, bəziləri isə müxtəlif dövrlərdə, müxtəlif səbəblərdən Azərbaycana köçmüş xalqlardır. Hal-hazırda ölkəmizdə azərbaycanlılarla yanaşı udinlər, tatlar, talışlar, ləzgilər, ruslar, avarlar, ahısqa türkləri, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, kürdlər, yəhudilər, almanlar, ingiloylar, haputlular, xınalıqlılar kimi milli azlıqlar yaşayır.

Tədbirə Buzovna qəsəbəsində yaşayan azsaylı xalqların nümayəndələri də dəvət olunub.

Konsertdə məktəbin şagirdləri talışların "Ay lolu" mahnısı, yəhudilərin "7-40" rəqsi, gürcülərin "Suliko" xalq mahnısı, ləzgilərin "Ləzgi rəqsi", rusların "Valenki" xalq mahnısını ifa ediblər.

Həmçinin, məktəbin nağaraçalanlar ansamblının ifasında "Qafqaz ritmləri" və məktəbin müəlliməsinin ifasında P.İ.Çaykovski – "İlin fəsilləri" musiqi nömrələri ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə