Cari ilin turizmə dair statistikasına nəzər saldıqda, bir sıra göstəricilər üzrə artım olduğunu müşahidə edirik. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turizm müəssisələrinin sayı, müəssisələrdə çalışan işçilərin, əhaliyə satılmış turizm yollayış blanklarının və göndərilmiş turistlərin sayında, o cümlədən müəssisələrin əldə etdiyi gəlir, əhaliyə satılmış turizm yollayış blanklarının dəyəri və turizm fəaliyyəti üzrə çəkilən xərclər üzrə göstəricilər son illərin nümunəsində olduğu kimi cari il ərzində də yalnız artım dinamikasının müşahidə edildiyini göstərir. Təsadüfi deyil ki, 2014-cü ildə ölkəmizdə fəaliyyət göstərən turizm müəssisələrinin sayı 10,5% artaraq 276 olub.
Bununla yanaşı, keçən il ilə müqayisədə cari il ərzində turizm şirkətlərində işçilərin sayında, məhsulun və xidmətlərin satışından əldə olunan gəlir və turizm agentliklərinin komisyon və digər mükafatlarının məbləğində artım baş verib. Əvvəlki illərdə olduğu kimi, Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin sayı ölkədəki turizm şirkətlərinin böyük əksəriyyətini (95%) təşkil edib.
2011-2014-cü illər ərzində ölkə ərazisindəki yerləşdirmə obyektlərinin sayı 508-dən 527-yə kimi artıb.
2011-ci ildən etibarən yerləşdirmə obyektlərindəki yerlərin, nömrələrin, yerləşdirilmiş şəxslərin və işçilərin sayında, həmçinin müəssisələrin əldə etdiyi gəlirdə artım baş verib. Müqayisə üçün qeyd edirik ki, mövcud statistik göstəricilər cari il ərzində yerləşdirmə obyektlərindəki yerlərin sayında 6%, otaqların sayında 7%, yerləşdirmə vasitələrində çalışanların sayında isə 5,8% artımın olduğunu göstərir.
Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslər və gecələmələrin sayına gəldikdə, istər gecələmələrin istərsə də yerləşdirilmiş şəxslərin sayında artım olub. Məlumat üçün bildiririk ki, Respublika üzrə yerləşdirilmiş şəxslərin 80%-i turizm məqsədilə gələnlərin payına düşüb.
Bununla yanaşı qeyd edək ki, 2008-2014-cü illər ərzində Azərbaycanda fəaliyyət göstərən mehmanxana və bu tipli obyektlərdə qalmağa üstünlük verən xarici vətəndaşlar arasında Birləşmiş Krallıq, Türkiyə, Rusiya Federasiyası və İranın vətəndaşları üstünlük təşkil edib. Təsadüfi deyil ki, bu illər ərzində sözügedən ölkələrdən Azərbaycana gələn xarici vətəndaşlar arasında işgüzar turistlərin özünəməxsus çəkisi vardır. 2014-cü təqvim ilini nümunə üçün götürsək, təkcə bu 4 ölkədən Azərbaycana işgüzar məqsədli səfər edənlərin sayının, işgüzar turistlərin ümumi sayının 25%-ni təşkil etdiyini görərik.
Turizm sahəsində çalışan işçilərin sayını 2 kateqoriya üzrə qiymətləndirsək, hər bir kateqoriya üzrə artımın olduğunu müşahidə edə bilərik. Belə ki, Turizm sahəsində çalışanların sayı (turizm şirkətləri və yerləşdirmə vasitələri üzrə) 2009-2014-c illər ərzində 7330-dan 9874-yə çatmışdır. Qeyd edək ki, sözügedən illər ərzində digər xidmət sahələri (turizm sahəsinə xarakterik 14 sahə üzrə) də daxil olmaqla turizm sahəsində çalışanların sayı 36 103-dən 40 010-a çatmışdır. Bununla yanaşı, turizm sahəsində çalışan işçilərin sayının keçən illə müqayisədə 3,0% artığını qeyd etmək yerinə düşər.
Xarici ölkələrdən ölkəmizi ziyarət edən xarici vətəndaşların böyük əksəriyyətini əvvəlki illərdə olduğu kimi, Rusiya (36,3%), Gürcüstan (31,4%) və Türkiyə (13,6%) vətəndaşları təşkil edib. Keçən illə müqayisədə Fransa, İspaniya, İtaliya, Norveç, Yunanıstan, Xorvatiya, Böyük Britaniya, Almaniya, Belçika və bir sıra digər Avropa və dünya ölkələrindən gələnlərin sayında artım müşahidə edilib.
Buna baxmayaraq, ölkəmizə gələn xarici vətəndaşların və turistlərin böyük hissəsinin payına düşdüyü Rusiya Federasiyası, Ukrayna və İran vətəndaşlarının sayında məlum səbəblərə görə (Rusiyada rublun məzənnəsinin düşməsi və iqtisadi böhran, Ukraynada müşahidə edilən qeyri-stabil siyasi vəziyyət və İranda sosial-iqtisadi vəziyyətin gərgin olması) nisbi azalmanın olması faktına əsaslanaraq 2014-cü il ərzində Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında azalmanın müşahidə ediləcəyini güman etmək olar. Buna baxmayaraq, 2015-ci ildə ölkəyə gələn turistlərin sayında artımın olacağı proqnozlaşdırıla bilər. Buna əsas səbəb olaraq, tarixdə ilk dəfə olaraq keçiriləcək I Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsini göstərmək olar. Belə ki, ölkəmizdə keçiriləcək bu beynəlxalq tədbir bütün dünyanın və xüsusilə Avropa ölkələrinin diqqətinin Azərbaycana yönəlməsində mühüm rol oynayacaq.
Dünya Səyahət və Turizm Şurasının (WTTC) qiymətləndirməsinə görə, cari il ərzində ÜDM-də turizmin birbaşa çəkisi 1.3 mlrd. AZN, ümumi çəkisi isə 4.9 mlrd. AZN olmuşdur ki, bu da öz növbəsində göstəricilərin müvafiq olaraq 2,4% və 8,8% təşkil etməsi deməkdir. Sözügedən qurumun məlumatlarına əsasən, ölkədaxili turizm xərcləri 21% artaraq 1.7 mlrd. manat, turizm sahəsinə qoyulan kapital sərmayesi isə 20% artaraq 360 mln. manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB