Azərbaycanın Turizm təhsilində builki nailiyyətlər

Azərbaycanın Turizm təhsilində builki nailiyyətlər

"Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 972 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 1.6-cı bəndinə əsasən turizm sektorunda kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli Qərarı ilə Azərbaycan Turizm İnstitutu və Mingəçevir Turizm Kolleci yaradılıb. SİA-nın verdiyi məlumata görə, ölkəmiz sürətlə inkişaf edir, neft strategiyasının uğurları, özünü artıq qeyri-neft sektorunda göstərir, dövlətimiz Azərbaycan-2020 gələcəyə baxış konsepsiyası ilə qarşıda konkret hədəflər qoyur. Turizm və digər xidmət sahələri ölkənin gələcək inkişafında mühüm sahə kimi nəzərdə tutulur və bu böyük hədəflərə ölkəni məhz gənclər aparacaqdır. Belə bir inkişaf üçün ilk növbədə peşəkar kadrların olması şərtdir və bu ehtiyacı ödəmək üçün Azərbaycan Turizm İnstitutu (ATİ) ilə yanaşı digər ali təhsil ocaqları, eləcə də 2011-ci ildə yaradılmış Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kolleci peşəkar kadr hazırlamağa çalışır.

Ötən 8 il ərzində Azərbaycan Turizm İnstitutunda keyfiyyətli, turizm əmək bazarının ehtiyaclarına uyğun təhsil təşkil etməklə məşğul olmuşdur. Buna Avropa Kredit Transfer Sisteminin tətbiqi, ikili diplom proqramı, Erasmus, Tempus layihələrində iştirakı, praktika semestrinin təşkili, tətbiqi tədqiqatları, qısamüddətli treninqlərin təşkilini misal göstərmək yerinə düşərdi.

ATİ-nin 2008-2016-cı illəri əhatə edən strateji planına uyğun olaraq artıq 11 ixtisas üzrə kadr hazırlamağa başlamış, peşə, qısamüddətli kurslar, bakalavr, magistr və doktorantura üzrə kadr hazırlığını həyata keçirir. ATİ Azərbaycanda turizm sahəsində ixtisaslaşmış yeganə təhsil, treninq və tədqiqat mərkəzidir. Avropa Kredit Transfer Sistemi və çoxballı qiymətləndirmə sistemini Azərbaycanda tam tətbiq edən ilk dövlət ali təhsil müəssisəsidir.

Hazırda ATİ-də 11 ixtisas üzrə bakalavr pilləsində 1527 nəfər təhsil alır. Turizm sahəsində əmək fəaliyyəti ilə məşğul olan, ixtisas təhsili başqa sahədən olan 30-dək sektor nümayəndəsi ATİ-də ikinci ali təhsil alır. Magistratura pilləsi üzrə isə 15 ixtisas üzrə 146 nəfər təhsilini davam etdirir. Doktorantura proqramı üzrə 10-dan çox ixtisasda 55 nəfər fəlsəfə doktorluğu üzrə elmi kadr hazırlanır.

Avstriyanın Krems Universiteti ilə müqavilə çərçivəsində Azərbaycanda ikili diplom proqramı həyata keçirən ilk ali məktəbdir. İngilis dilində həyata keçirən bu proqramdan bakalavr səviyyəsində 93 nəfər məzun olub, o cümlədən onlardan 3 nəfəri artıq magistratura üzrə ikili diplom alıb. Hazırda 100-dən çox tələbə isə təhsilini ikili bakalavr və magistr proqramlarında davam etdirir.

Son 5 ildə ATİ-dən məzun olanların sayı 995 nəfərdir. Məzunların əksəriyyəti ölkədə yeni yaradılmış turizm müəssisələrində və 5 ulduzlu mehmanxanalarda əmək fəaliyyətinə başlamışdır.
Tələbələr üçün ixtisaslar üzrə Türkiyə, Yunanıstan, İsrail, Çexiya, Almaniya və digər ölkələrdə təcrübə proqramları (8-20 həftəlik) təşkil olunur.
İnstitut 30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla geniş və səmərəli əlaqələr qurmuşdur. Fəaliyyətə başladığı gündən 10-dan çox beynəlxalq təhsil şəbəkəsi və assosiasiyanın üzvü olub. 2008/2009-cu tədris ilindən ATİ-də Ümumdünya Turizm Təşkilatının və "Themis Fondu"nun idarə etdiyi "TedQual" proqramının tətbiqinə başlanılmışdır. ATİ 2011-ci ildən Ümumdünya Turizm Təşkilatının qoşulmuş və Bilik Şəbəkəsinin üzvüdür.

ATİ-də Turizm Təlim Mərkəzi "Bələdçi", "Turoperator və turagent" və "Qeydiyyat/Ön büro" peşə istiqamətləri üzrə kurslar təşkil edilir. Artıq bu kursları 80 nəfər bitirmiş, 15 nəfər isə təhsilini davam etdirməkdədir. ATİ-də Tədqiqat və İnkişaf Mərkəzi müxtəlif qurumların sifarişi ilə turizm sahəsində 20-yədək müxtəlif tədqiqat layihələri həyata keçirib.

İnstitutda 12.000-dən çox turizm sahəsi üzrə zəngin kitab fonduna malik olan Kitabxana-İnformasiya Mərkəzi mövcuddur.
2012-ci ildən Bakı Turizm Peşə Məktəbi şagird qəbuluna və fəaliyyətə başlamışdır. Növbəti 5 ildə Qusar, Zaqatala, Şəmkir, Göygöl və Masallıda regional turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulub. Fəaliyyətə başladığı gündən bu günədək 12 turizm peşə ixtisası üzrə 845 nəfər şagird məzun olub. Hazırda da Peşə Məktəbində 460 nəfər şagird təhsilini milli və BMT-nin İnkişaf Planı ilə davam edən beynəlxalq layihə üzrə davam etdirir.

Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilən "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihəsi 2013-cü ildən fəaliyyət göstərir. Ötən ilin noyabr ayından cari ilin fevral ayına qədər Layihə tərəfindən yaradılmış Təlim Tədris Mərkəzində Bakı Turizm Peşə Məktəbinin tələbələri üçün turist agenti, ofisiant-barmen, mehmanxana qeydiyyatçısı və aşpaz ixtisasları üzrə təlim tədris kursları keçirilob. Təlimlərdə ümumi - 123 tələbə iştirak etmişdir, onlardan 62 nəfər uğurla təlimlərdən keçmiş və müvafiq Sertifikatla təltif edilib.

Bütün bunlar məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasında turizm, menecment və digər xidmət sahələrində müşahidə olunan sürətli inkişafı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 dekabr 2014-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb.

Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Turizm Peşə Məktəbinin və Mingəçevir Turizm Kollecinin səmərəli fəaliyyəti ölkəmizdə turizm xidməti səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə