Azərbaycanın turizm potensialının Rusiyanın turizm bazarında təbliğ olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ölkəmiz haqqında müxtəlif reklam çarxları və verilişlər hazırlanaraq "Россия-1", "Россия-2", "Моя планета", "CTC" və digər telekanallarında nümayiş olunub.
Verilişlər siyahısına hər biri 26 dəqiqə olmaqla 2 hissədən ibarət "Narahat gecələr" (Неспокойной ночи) verilişinin Bakı şəhərinin gecə həyatını əks etdirən buraxılışlarını qeyd etmək olar. Həmin buraxılışlar efirə getdiyi gündən etibarən verilişə qısa zaman ərzində "youtube" vasitəsilə 300 000-ə yaxın baxış olub.
Həmçinin mart ayında ölkəmizdə təntənəli qeyd olunan "Novruz Bayramı" haqqında ümumi 78 dəqiqədən ibarət 3 film hazırlanmış və "Планета вкусов" layihəsində nümayiş olunub. Filmin hazırlanmasında əsas məqsəd Novruz Bayramını Rusiya və MDB ölkələrində daha da tanıtmaq və bu bayram ərəfəsində ölkəyə daha çox turist axınını təmin etməkdir.
Bundan əlavə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti əsasında "За кадром" televiziya layihəsinin geniş tərkibdə çəkiliş qrupu ölkəmizə səfər etmiş və Azərbaycana həsr olunan buraxılışlar "Россия-1", "Россия-2" nümayiş etdirilib. Çəkilişlər paytaxt Bakı ilə yanaşı Quba və Xızı rayonlarında aparılıb və veriliş 26 dəqiqədən ibarət olub.
Qeyd etmək istərdik ki, 2014-cü ilin noyabr ayının əvvəllərində Göyçay rayonunda qeyd olunan "Nar Bayramı" zamanı Rusiyadan dəvət olunan çəkiliş heyəti tərəfindən geniş veriliş hazırlanmış və 2015-ci ilin mart ayından etibarən "Не жизнь, а праздник: Праздник граната" layihəsində nümayişi nəzərdə tutulub. Həmin layihə 44 dəqiqədən ibarət olacaq. Məlumat üçün bildiririk ki, çəkilişlər zamanı milli dəyərlərimizdən olan lavaşın hazırlanması və digər incəlikləri də öz əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2014-cü ildə Rusiya telekanallarında nümayiş olunan reklam çarxları və verilişlərə MDB ölkələrindən və Baltikyanı dövlətlərdən 50 000 000-a yaxın tamaşaçı izləyib.
Azərbaycanın turizm və mədəniyyət potensialının Rusiyada təbliğatının vacibliyini nəzərə alaraq, 2015-ci ildə də bu ölkənin televiziya kanalları və sosial şəbəkələri vasitəsilə təbliğat işi davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB