Prezident kuboku uğrunda milli atüstü oyunlar başa çatıb

Prezident kuboku uğrunda milli atüstü oyunlar başa çatıb

Xəbər verdiyimiz kimi, Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar keçirilib. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlara Qəbələ, Ağstafa, Ağcabədi, Goranboy, Qax, Balakən, Yevlax, Şəki, Oğuz, Ağdam, İsmayıllı, Laçın, Xaçmaz rayonlarının və paytaxtın "Sərhədçi", "Polad", "Kövsər" komandaları qatılıb. 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılması və təbliği məqsədi daşıyır.

Dekabrın 17-19-da çövkən üzrə seçmə oyunlar keçirilib. Seçmə oyunlarda uduzan komandalar yaylıq, papaq və sürpapaq oyunları üzrə yarışıblar.

Yaylıq oyununda Qəbələ komandası birinci olub. Sonrakı yerləri İsmayıllı və Goranboy rayonlarının komandaları tutublar.

Sürpapaq oyunu üzrə finala Balakən və Ağcabədi komandaları çıxıb. Bu qarşılaşmada Balakən komandası güclü olub. Bu oyun növündə üçüncü yeri Laçın rayonunun komandası tutub.

Papaq oyunun finalında isə Oğuz və Yevlax komandaları üz-üzə gəlib və oğuzlular qələbə qazanıblar.

Dekabrın 20-də çövkən oyunu üzrə yarımfinal qarşılaşmaları keçirilib. Bakının "Kövsər" komandası Ağstafa təmsilçilərini 3:1, "Sərhədçi" komandası isə Ağdam komandasını 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Dekabrın 22-də keçirilən final görüşündə paytaxt komandaları – "Sərhədçi" və "Kövsər" qarşılaşıb. Sərhədçilər 4:0 hesabı ilə inamlı qələbə qazanaraq Prezident kubokuna sahib olublar. Üçüncü yer uğrunda oyunda Ağstafa komandası Ağdam təmsilçilərini 1:0 hesabı ilə məğlub edib.

Həmin gün milli atüstü oyunların təntənəli bağlanış mərasimi keçirilib. Çövkən, sür-papaq, papaq və yaylıq oyunları üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub. Çövkən milli oyununun qalibi "Sərhədçi" komandası yarışların baş mükafatına - Prezident kubokuna layiq görülüb.

Xatırladaq ki, bu, "Sərhədçi"nin il ərzində çövkən yarışmasında qazandığı ikinci qalibiyyətdir. Bu ilin mayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalının da qalibi "Sərhədçi" komandası olub.

Qeyd edək ki, sonda yarış iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və dirçəldilməsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə