Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatr və kino aktyoru, xalq artisti, Dövlət mükafatı laureatı Məlik Dadaşovun anadan olmasının 90 illik yubileyi qeyd edilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində sənətkarın həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış olublar.
Xatirə gecəsini açan xalq artisti Hacı İsmayılov Məlik Dadaşovun Azərbaycan teatr və kino sənətinə töhfələrindən danışıb: "M.Dadaşov təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da xalqımızı təmsil edən nadir sənətkarlardan olub".
Sonra Məlik Dadaşovun yaradıcılığını əks etdirən slaydlar nümayiş olunub.
Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, xalq artistləri Azərpaşa Nemətov, Lyudmila Duxovnaya və başqaları M.Dadaşovun yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, "Axırıncı aşırım"dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.
Görkəmli aktyor "Birisi gün, gecəyarısı", "O dünyadan salam", "Fəryad", "Hacı Qara" kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.
Məlik Dadaşov "Özbəkfilm"in istehsal etdiyi "Təyyarələr enmədi" filmində Yəhya, "Moldovafilm"in çəkdiyi "Dmitri Kantemir" ekran əsərində Vəzir, "Belarusfilm"də istehsal olunmuş "Müsahibə götürən adam" filmində Niyazxan rollarında çəkilib.
Qeyd edək ki, xatirə gecəsində M.Dadaşovun rol aldığı film və tamaşalardan fraqmentlər göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB