Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kulturologiya fakültəsinin bakalavr pilləsində tədris edilən "Mədəniyyət sahəsində sosioloji tədqiqatların təşkili" fənni üzrə tələbə tədqiqatlarının nəticələrinə dair elmi konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransın məqsədi gənclərin mədəni həyatda baş verən prosesləri mənimsəməsi və mədəniyyətin sosioloji faktorlarını, mexanizmini müəyyənləşdirməsi üçün onları yaradıcı-elmi fəaliyyətə istiqamətləndirməkdir.
Tədbirdə "Gənclərdə analitik təfəkkür və kreativlik", "Muzeylərin informasiya-maarifçilik fəaliyyəti", "Bədii təmayüllü ali məktəblərdə İKT-nin tətbiqi", "Gənclərin işlə təmin olunması problemi", "Müasir dövrdə gənclərin geyim tərzi" və digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə xaricdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin elmi nailiyyətləri, incəsənət sahəsində müxtəlif ölkələrdə İKT təcrübəsinin tətbiqi, ölkəmizdə gənc ailələrin sosial problemləri və onlara diqqət, gənclərimizdə musiqi mədəniyyətinin aşılanması və bu istiqamətdə maarifləndirilməsi, ölkəmizdə və dünyada multikulturalizm siyasətinin əhəmiyyəti barədə geniş fikirlər söylənilib.
Qeyd edək ki, sonda məruzəçilərə fəxri fərmanlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB