Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-a üzv ölkələrin YUNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan nümayəndə heyətlərini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi heyəti səmimi salamlayan nazir Bakıda keçirilən iclasın önəmli olduğunu, YUNESCO və TÜRKSOY-u birləşdirən amallara xidmət etdiyini bildirib: "Ölkəmiz bu gün YUNESCO səviyyəsində yubileylər, musiqi festivalları, bayram tədbirləri kimi maraqlı layihələr həyata keçirir. Ötən il Azərbaycanda YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs Komitəsinin toplantısı gerçəkləşdi və bu toplantıya rəhbərlik etmək mənə qismət oldu".
TÜRKSOY-a üzv ölkələrin YUNESCO ilə əlaqələrindən söz açan nazir qeyd etdi ki, bu istiqamətdə daha genişmiqyaslı layihələr həyata keçirilməli, birgə əməkdaşlıq məsələləri üzərində işlər aparılmalıdır.
Əbülfəs Qarayev Heydər Əliyev Fondunun Azərbaycan-YUNESCO əlaqələrinə verdiyi töhfələr haqqında qonaqlara məlumat verib. Bildirdi ki, ötən il qurumun fəaliyyətini dəstəkləmək məqsədilə Azərbaycan dövləti tərəfindən YUNESCO-nun hesabına vəsait köçürülüb: "Bu vəsait bizim təqdim etdiyimiz layihə, o cümlədən türk dünyasının mədəni və qeyri-maddi irsinin qorunub saxlanmasına xərclənəcək. Hesab edirik ki, bu, düzgün bir addımdır. TÜRKSOY-la uzunmüddətli əlaqələr də öz bəhrəsini verir. Təşkilatın 20 ildən artıq fəaliyyəti dövründə bu əlaqələr daim inkişafdadır. Dekabrı Azərbaycanda TÜRKSOY ayı da adlandırmaq olar. Çünki ay ərzində Bakıda təşkilatın bir sıra tədbirləri həyata keçirildi".
TÜRKSOY-la əməkdaşlığın davamlı olacağını diqqətə çatdıran nazir bildirdi ki, hər bir xalq öz kökünün müqəddəsliyini qoruyub saxlamaq istəyir: "Buna görə də biz səylərimizi birləşdirib türksoylu ölkələrin mədəni irsinin qorunmasında birgə addımlamalı və müştərək layihələr təqdim etməliyik. Biz razı ola bilmərik ki, tarix və mədəniyyətimizə özgələr sahib çıxsın. Bizi nə birləşdirir? Kökümüz, dinimiz, mədəniyyətimiz, tariximiz, dilimiz. Bütün xalqlara məxsus eyni qəhrəman, eyni adət-ənənələr və bunlar da bizi birləşdirən əsas faktorlardır. Ümumi fəxrimiz olan sahələr üzərində birgə çıxışlarımız və onların qorunmasında həmrəy olmağımız mütləqdir".
YUNESCO-nun son iclasında Türkiyə və Qırğızıstanın yekdil olaraq Azərbaycanı dəstəklənməsini yüksək qiymətləndirən Əbülfəs Qarayev buna görə nümayəndə heyətlərinə təşəkkürünü bildirib. Türk xalqlarının tarixi miraslarının birgə qorunmasının əsas məsələ olduğunu vurğuladı, milli komitələrə daha fəal mövqe tutmaq yolunda uğurlar arzulayıb.
Qeyd edək ki, qonaqlar səmimi qəbula görə nazirə minnətdarlıqlarını bildiriblər. İclasın keçirilməsində göstərilən diqqət və qayğıya görə bir daha ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB