Şeyx Əbdül Mahmudov: “Milli-mənəvi dəyərlərimizi bu günə qoyanlara cəza verilməlidir” AÇIQLAMA

"Hər zaman gənclərin işləməsinin tərəfdarı olmuşam. Düşünürəm ki, gənclər ilk əvvəl ələnməli daha sonra filmlərə çəkilməlidirlər". Bunu SİA-ya açıqlamasında Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov söyləyib: "Hesab edirəm ki, əvvəlcə rejissor, aktyor öz sənətinin elminin peşəkarlığını öyrənsinlər. Sonra istedadla peşəkarlıq üst-üstə düşür və nəticədə uğurlu iş ərsəyə gəlir. Böyük sənət əsərləri ədəbi materialların içində formalaşır. Müəyyən zamanlarda eksperimentlər olar. Ancaq bu gün Azərbaycanda kinodan anlayışı olan da, olmayan da kütləvi şəkildə bu işə əl atmağa başlayırlar. Sanki film çəkmək yeni biznesin yaranması üçün bəhanə olub. Hər yerindən duran kino çəkir. Bu cür özbaşına yanaşmaqla, kütləviliklə film sektorunda heç bir irəliləyşə nail olmaq olmaz. Bəzi savadsız rejissorlar ağıllarına gələn nə oldu çəkirlər. Təbii ki, onlarla da heç bir peşəkar aktyor heyəti işləmir. Çünki peşəkar aktyor, rejissor, operator əbəbi material üzərinə formalaşdırıb film çəkirlər. Ən yolverilməz cinayət odur ki, xarici və ya türk seriallarından mövzuları çox səviyyəsiz formada oğurlanır. Bu cür filmlərə də ancaq özfəaliyyət səviyyəli adamlar çəkilirlər. Bəzən də elə olur ki, müəyyən qədər pulu var və başlayır serial çəkməyə, baş rola özünü, digər rollara isə yaxın qohum-tanışlarını çəkir. Belə seriallara necə müsbət münasibət bəsləyə bilərik? Əgər sənin pulun varsa, bu xalqın mənəvi dəyərlərinə sərfəli istifadə et. İş görmək istəyirlərsə ətrafına mütəxiəsisləri toplasın. Hazırda kino adamlarının 90% evlərində işsiz qalıblar. Abırlarına sığınıb belə gülməli film təkliflərinə cavab vermirlər. Bu cür insanları filmlərinizə dəvət edin ki, həm xərclədiyin pulun mahiyyəti olsun, həm də keyfiyyətli iş ərsəyə gəlsin. Başqa sahələrdə oğurluq edənlər, rüşvət alanlar üçün cinayət işi açılır. Ancaq nə üçün milli-mənəvi dəyərlərimizi bu günə qoyanlara heç bir cəza verilmir? Bu işlərə çox ciddi dövlət nəzarəti olmalıdır. Bu gün televiziyanın qarşısına keçib bir çox keçmiş kinolarımıza baxıb zövq alırıq. Bəs 30-40 ildən sonra gələn nəsil nəyə baxacaq. Düşünürəm ki, kino, kitab əbədi və əzəli sənətdir. Bütün müasir texnologiyalara müsbət yanaşıram. Ancaq unutmayaq ki, insanı düşüncəyə, heç bir texnologiya sahib ola bilməz. Aydındır ki, özəl televiziyalar reklam hesabına dolanır. Bu o demək deyil ki, özəl televiziyalarda özbaşınalıq baş alıb getsin. Hesab edirəm ki, özəl televiziyalara ciddi nəzarət olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə