Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 3 aprel tarixli Sərəncamına əsasən reallaşıb.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Gecəsini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə iştirak edən TÜRKSOY təşkilatının nümayəndələrini salamlayıb: "Barat Şəkinskaya 1914-cü ildə Şuşada anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. B.Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi Gəncəyə köçüb və səhnəmizin gələcək ulduzu orada qadınlar klubunun dram dərnəyində iştirak edib. Yeniyetmə Baratın Gəncədə yaratdığı C.Məmmədquluzadənin "Ölülər" əsərində Nazlı, C.Cabbarlının "Od gəlini" faciəsində Solmaz, "Sevil" dramında Gülüş obrazları onun parlaq yaradıcılığından xəbər verib. Ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə ürəkləri fəth edən, əsl xalq məhəbbəti qazanan, "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan B.Şəkinskaya klassik və çağdaş dramaturqların əsərlərində canlandırdığı bənzərsiz obrazlar ilə milli teatr sənətimizin görkəmli simaları səviyyəsinə yüksəlib.
Yubiley gecəsində sənətkara həsr edilən film göstərilib, vaxtilə iştirak etdiyi tamaşalardan səhnələr nümayiş olunub.
Qeyd edək ki, gecədə müxtəlif teatrların aktyorları tərəfindən B.Şəkinskayanın vaxtı ilə yaratdığı obrazlar yenidən səhnədə canlandırılıb və böyük tamaşaçı marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB