Milli Azərbaycan Tarixi Muzeyinin Gəncədəki səyyar sərgiləri yekunlaşıb

Milli Azərbaycan Tarixi Muzeyinin Gəncədəki səyyar sərgiləri yekunlaşıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gəncə şəhərində "Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi"ndəki səyyar sərgiləri öz işini yekunlaşdırıb. SİA-nın verdiyi məlumata görə, sərgilər üçün aparılmış bütün eksponatlar muzeyin müvafiq fondlarına qaytarılıb.

Milli Azərbaycan Tarixi Muzeyi bu ilin yanvarından "Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi"ndə "Azərbaycan – qədim sivilizasiya məkanı" və "Azərbaycan milli geyimləri" adlı iki səyyar sərgi təşkil edib.

Ümumilikdə sərgilərdə 204 eksponat-arxeoloji materiallar, qədim keramika, silahlar, bəzək əşyaları, milli geyimlər, tikmələr nümayiş olunub. Muzeydə Azərbaycan xalqının formalaşdığı ərazinin kosmosdan görüntü xəritəsi, Dərbənd qalasının maketi və digər eksponatlar böyük maraq doğurub. Gəncə ictimaiyyətinin böyük marağına səbəb olmuş sərgilərlə il ərzində 17500-dən artıq insan tanış olub.

Qeyd edək ki, bu müstəqillik illərində Milli Azərbaycan Tarixi Muzeyinin respublikanın regionlarında keçirdiyi ilk səyyar sərgidir.

Bütün xəbərlər Facebook səhifəmizdə