Həmyerlimizin Finlandiyada kitab-albomunun təqdimatı keçirilib

Həmyerlimizin Finlandiyada kitab-albomunun təqdimatı keçirilib

Finlandiyanın Helsinki şəhərində bu ölkədə yaşayan azərbaycanlı rəssam - Çingiz Abbasovun rəsm əsərlərindən ibarət kitab-albomun təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Finlandiyada 10 ildən artıqdır fəaliyyət göstərən Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti təşkil etdiyi təqdimat mərasimində Finlandiyanın bir sıra mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak edib.

Qeyd edək ki, Çingiz Abbasov Azərbaycan incəsənətini dünya arenasında tanıdan müasir rəssamlarımızdan biridir. 1990-cı illərdə rəsam öz əsərlərini ilk dəfə Finlandiyada sərgiləyib, daha sonra isə Avropanın digər ölkələrində nümayiş etdirib. 1990-cı illərdən etibarən Ç.Abbasov Azərbaycan Qəbələ Beynəlxalq İncəsənət Sərgisi, Nyu-Yorkda "Artekspo" və "İtaliya Florence Biennalesi" kimi dünyanın bir çox beynəlxalq sərgilərində iştirak edib. Rəssamın əsərlərinə Finlandiyanın dövlət başçısının, Reinhold Würth, o cümlədən, dünyanın bir çox özəl və dövlət rəsm kolleksiyalarında rast gəlinir.

Yüz iki rəsm əsərindən ibarət kitab-albom ABŞ-da nəşr edilib. Kitab Xəzər dənizi, Xəzərin sahilində Bakının qədim və dinamik inkişaf edən bir şəhər kimi təsvirlərindən ibarətdir. Kitab Finlandiya ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə