“Reanimasiya”

Dekabrın 17-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində "Reanimasiya" adlı sərgi açılacaq. SİA-nın verdiyi məlumata görə, "Reanimasiya" sərgi layihəsi Əməkdar İncəsənət Xadimi, müstəqil kurator Səbinə Şıxlinskayanın "YARAT" Müasir İncəsənət Məkanının təşəbbüsü ilə keçirdiyi "Kuratorluq təcrübələri. Sərgi layihəsinin yaradılması" mövzusunda ustad dərslərinin nəticəsidir.

Layihədə iki böyük sosial institut - teatr və muzey, bir ümumi-teatrın muzey haqqında danışdığı məkanda birləşib.

"Reanimasiya" layihəsi Teatr Muzeyinin ənənəvi və adi ekspozisiyasına muzeyin arxiv materialları əsasında öz art-layihələrini yaratmış gənc rəssamların gözləri ilə baxmağı təklif edir. "Reanimasiya" inkişaf edən cəmiyyətin mühüm hissəsi olan teatra keçmiş diqqətin bərpasına yönəldilmiş, müasir cəmiyyət tərəfindən diqqətsizlik vəziyyətində olan teatrın arxivinə yeni yanaşması olan rəssamların işlərinin məcmusudur.

Layihədə altı rəssam - Səbinə Mirzəyeva, Elşən İbrahimov, Rüfət Əliyev, Anar Şəmsiyev, Vəfa Asadi və Könül Rəfiyeva iştirak edir.

Kurator qrupunun tərkibinə isə Ülviyə Həsən (ideya müəllifi), Mehbarə Abbasova (koordinator), Hatəm Əliyev, Zöhrab Salamzadə, Orxan Qarayev, Yelena Djetere, Nurziyyə Xəlilova daxildir.

Qeyd edək ki, dekabrın 27-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə