Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olunacaq

Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarın zəngin yaradıcılıq yoluna nəzər salınacaq, onun ustad sənətkar kimi qoyub getdiyi sənət inciləri xatırlanacaq.

Ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth etmiş, əsl xalq məhəbbəti qazanmış, "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan Barat xanım klassik və çağdaş dramaturqlarımızın əsərlərindəki bənzərsiz ifaları ilə milli teatr salnaməsinin unudulmaz səhifələrindən birinə çevrilməyə nail olub. Yüksək zövqü, dərin mütaliəsi, səhnə mədəniyyəti, təkrarsız səsi, dünyagörüşü ilə seçilən Barat Şəkinskaya yaradıcılığının tacı sayılan Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazlarının məharətli ifaçısı idi.

Qeyd edək ki, tədbir dekabrın 17-i, saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə