"Gənc musiqiçilərin tədris repertuarında Üzeyir Hacıbəylinin milli lad sistemi" I Respublika festivalı keçiriləcək. Bu barədə festivalın təşkilat komitəsindən məlumat veriblər. 2015-ci il martın 24-dən 28-dək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Musiqi Akademiyasının Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilati dəstəyi ilə Üzeyir Hacıbəylinin anadan olmasının 130, Bakı Musiqi Akademiyasının əsasının qoyulmasının 95 və onun nəzdindəki Orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyi münasibətilə "Gənc musiqiçilərin tədris repertuarında Üzeyir Hacıbəylinin milli lad sistemi" devizi ilə I Respublika festivalı keçiriləcək.
Festival milli musiqinin təlim-tərbiyə prosesində didaktik rolunun gücləndirilməsinə dair yeni müasir metodlarının işlənib hazırlanmasında akademiyanın elmi-eksperimental bazası kimi BMA-nın və Orta ixtisas musiqi məktəb-studiyasının çoxillik fəaliyyətini əks etdirir.
Məktəb-studiyanın yeni metodları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilib və ölkənin bütün musiqi məktəblərinin proqramına daxil olunub.
Festival "Fortepiano", "Bəstəkarlıq", "Azərbaycan xalq çalğı alətləri", "Solo oxuma", "Xor oxuma", "Orkestr alətləri" nominasiyalarında keçiriləcək.
Festivalın təşkilat komitəsinin sədri BMA-nın rektoru, Azərbaycan və SSRİ Xalq Artisti Fərhad Bədəlbəylidir. Münsiflər heyətinə Xalq Artisti, professor Arif Məlikov, Ramiz Quliyev, Xuraman Qasımova, Gülbacı İmanova, Zəhra Quliyeva və Əməkdar İncəsənət Xadimi Tərlan Səyidov daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB