Əlyazmalar İnstitutunun elmi şurası hesabat iclası keçirib

Əlyazmalar İnstitutunun elmi şurası hesabat iclası keçirib

Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurası institutun 2014-cü ildəki fəaliyyəti barədə hesabat iclası keçirib. SİA-nın verdiyi məlumata görə, iclası giriş sözü ilə açan institutun direktoru, akademik Teymur Kərimli institutun bir neçə istiqamətdə məhsuldar fəaliyyət göstərdiyini qeyd edib, hesabat məruzəsi ilə çıxış etmək üçün institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimova söz verib. P.Kərimov çıxışında Əlyazmalar İnstitutunun 2014-cü ildə üç problem üzərində altı elmi nəzəri tətbiqi və elmi praktiki mövzu ətrafında 54 işin müvafiq mərhələlərinin həyata keçirildiyini bildirmiş, şöbələrin ayrı-ayrı əməkdaşlarının fəaliyyəti, nəşr edilmiş kitablar, ölkədə və xaricdə çap edilmiş məqalələr, alınmış əlyazmalar, çap kitabları, əlyazma surətləri, kadr hazırlığı, elmi-təşkilati fəaliyyət, beynəlxalq əlaqələr sahəsində görülən işlər, simpozium və seminarlarda iştirak barədə məlumat verib.

Elmi şura üzvlərindən institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, filoligiya üzrə elmlər doktoru, professor Azədə Musayeva, filologiya üzrə elmlər doktoru Kamandar Şərifli, filologiya üzrə elmlər doktoru Nəsib Göyüşov, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova arzu və istəklərini, rəy və təkliflərini bildirmiş, yeni ildə daha işgüzar elmi fəaliyyətlərini davam etdirəcəklərinə söz veriblər.

Hesabat iclasında iştirak edən və bu elmi nailiyyətləri dinləyən AMEA-nın müxbir üzvü, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər xanım Baxşəliyeva Əlyazmalar İnstitutunun 2014-cü ildəki fəaliyyətini müsbət dəyərləndirmiş, kollektivə uğurlar diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə