Buta Azərbaycan İncəsənəti Festivalı qürurla proqramında olan dördüncü konserti - "Niyazi"ni elan edir. SİA-nın verdiyi məlumata görə, istedadlı bəstəkar və böyük dirijor Niyazi Azərbaycanın XX əsr musiqi tarixinin ən tanınmış simalarından biri idi. Niyazi 26 yaşında şöhrət qazanıb - onun Moskva "Bolşoy Teatr"ında keçirilən nüfuzlu opera premyerasında çıxış etməsinə son anda qərar verilməsi Niyazini bir gecədə SSRİ ərazisində sensasiyaya çevirib. O, dirijorluq fəaliyyətində həmvətənlərinin musiqilərinin musiqi dilinə tərcüməçisi kimi tanınmış və bəstəkar olaraq qərb klassik musiqisini və doğma torpağının ənənələrini birləşdirərək möhtəşəm sənət əsərləri yaradıb. Aparıcı Azərbaycan dirijoru Yalçın Adıgözəlovun rəhbərliyi altında keçirilən bu konsert Niyazi irsinin hər iki tərəfinə nəzər salıb.
Kral Filarmonik Orkestri tərəfindən klassik musiqini ənənəvi Azərbaycan motivləri ilə unikal surətdə birləşdirən əsərlər ifa edildi. Konsertdə gənc və parlaq soprano Selcan Nəsiblinin ifasında Niyazinin orkestrləşdirdiyi "Arşın Mal Alan" operettasından Gülçöhrənin ariyası və "Arzu" romansı səsləndi. Asəf Zeynallının Niyazi tərəfindən orkestrləşdirilən "Muğamsayağı" əsərinin skripkada solosunu Nəzrin Rəşidova məharətlə ifa etdi. Konsertin kulminasiya nöqtəsi "Rast" simfonik muğamı oldu. Əsərin orkestr palitrası qonaqları zərifliyi və rəngarəngliyi, müxtəlif polifonik üsulları və parlaq harmoniyaları ilə heyran etdi. Konsert dinləyicilərə xoş əhval-ruhiyyə bəxş edən romantik vals və Niyazinin şux ləzginkası ilə tamamlandı.
Beş ay müddətində davam edəcək 2014-15-ci il Buta İncəsənət Festivalı Londonda Azərbaycan xalçaçılıq sənətinin qədim ənənələrindən tutmuş müasir fotoqraflarımızın yaradıcılığı, caz musiqiçilərimizin valehedici ifaları və müasir immersiv teatr atmosferində canlı çıxışlara qədər müxtəlif incəsənət nümunələrini nümayiş etdirən tədbirləri əhatə edəcək. Festival italyan tenoru Andrea Boçellinin "Time to say SALAM" ifası ilə çıxış etdiyi "Royal Albert Hall"da anşlaq tamaşa ilə başlayıb.
Festivalda "Saatchi" qalereyası və "Louis Blouin" fondunda qabaqcıl müasir incəsənət sərgiləri, o cümlədən, Barbikandan "Guildhall"a qədər olan meydanlardakı çıxışlarda Azərbaycan musiqisinin klassik və müasir nümunələrinin təqdimatı həyata keçiriləcək. Festival boyunca, YARAT Müasir İncəsənət Məkanını təmsil edən yeddi rəssam öz əsərlərini Londonun ictimai yerlərində sərgiləyəcək.
Buta İncəsənət Mərkəzinin Direktoru Nəsib Piriyev deyib: "Mən, Maestro Niyazi musiqisinin pərəstişkarı olaraq, onun musiqisini London auditoriyasına təqdim etməkdən xüsusilə qürur hiss edirəm. Klassik qərb təsirinin milli muğamımızla unikal ahəngi bugünün Azərbaycanını - ənənələrinə sadiq olan, lakin dünyaya açıq bir ölkəni xarakterizə edir".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB