Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq şairi Nəbi Xəzrinin anadan olmasının 90 illik yubiley tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Dillər Universitetinin professoru Fəridə Səfiyeva, dövlət və mədəniyyət nümayəndələri, media işçiləri və başqaları iştirak ediblər.
Tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Nəbi Xəzrinin həyat və yaradıcılığından danışıb: " Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. O, XX əsr Azərbaycan ədəbiyyatının inkişafı böyük xidmətlər göstərib. Şair nədən yazırsa-yazsın, onun şerinin ruhu, canı, mayası Azərbaycan olub. Onun yaradıcılığı, poetik axtarışları Azərbaycanın ən tanınmış qələm adamları, ədibləri, ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib. 60 ildən artıq ədəbiyyata xidmət etmiş Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər", "Torpaq, sənə and içirəm", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və başqa kitabların müəllifidir".
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək Nəbi Xəzrinin yaradıcılığını müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən biri olduğunu diqqətə çatdırıb.
Atasının yaradıcılığına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə ailələri adından minnətdarlığını bildirən Arzu Babayev atası barədə xatirələrini bölüşüb.
Qeyd edək ki, tədbirdə Nəbi Xəzrinin şeirləri səsləndirilib və sözlərinə yazılmış mahnılar sevilən müğənnilərin ifasında təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB