Nəbi Xəzrinin 90 illik yubileyi keçiriləcək

Nəbi Xəzrinin 90 illik yubileyi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq şair Nəbi Xəzrinin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bir çox elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə Nəbi Xəzrinin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirlərisəsləndiriləcək. Habelə, sevilən müğənnilərin ifasında səslənən mahnılar tamaşaçıların zövqünü oxşayacaq.

Qeyd edək ki, altmış ildən artıq ədəbiyyata xidmət etmiş Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər", "Torpaq, sənə and içirəm", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və başqa kitabların müəllifidir.

Ədibin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

Qeyd edək ki, tədbir dekabrın 10-da, saat 19:00-da Akademik Milli Dram Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə