Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyinin, TÜRKSOY-un, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşan III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun, Yazıçılar Birliyinin sədri Anar Rzayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, dövlət və hökumət nümayəndələri, media işçiləri və başqaları iştirak ediblər.
T'dbird' Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu müsabiqənin əhəmiyyətindən söz açıb: "13 fərqli bölgədə keçirilmiş bu müsabiqə iki turdan ibarət olub. Ölkə üzrə qalib əsərlər əsas müsabiqəyə təqdim olunub. Bu yarışma qardaş xalqların daha da yaxınlaşmasına, doğmalaşmasına öz töhfəsini verməkdədir. Onu da diqqətinizə çatdırım ki, 2013-cü ildə II Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibi Azərbaycanın tanınmış şair və nasiri Əjdər Ol olduğundan bu il mükafatlandırma mərasimi Bakıda keçirilir".
Tədbirin Bakıda keçirilməsindən qurur hissi duyduğunu söyləyən Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bütün qalibləri təbrik edib və həmişə belə layihələri dəstəkləməyə hazır olduqlarını bildirib.
Daha sonra digər natiqlər də çıxış edərək bu müsabiqə insanları mədəni və ədəbi irsə sahib çıxmağa səslədiyini bildiriblər.
Mərasim çərçivəsində Şimali Kiprdən olan yazıçı İsmayıl Bozkurta "Türk dünyasında ilin ədəbiyyat adamı–2014" mükafatı təqdim edilib.
Sonra müsabiqənin ölkə turunda qalib olmuş azərbaycanlı yazarlar mükafatlandırılıblar.
Eyni zamanda, III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qaliblərinə fəxri fərman və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, müsabiqədə qazaxıstanlı Oraz Nurğali birinci, Rusiya Federasiyasının Tatarıstan Respublikasından Aygül Əhmədğaliyeva ikinci və azərbaycanlı Alpay Azər üçüncü yerləri tutublar. Mərasimə musiqili proqramla yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB