Pakistanda Nizami Gəncəvi otağı açılıb FOTOLAR

Pakistanda Nizami Gəncəvi otağı açılıb FOTOLAR

Dekabrın 8-də Pakistanın Milli Kitab Fondunda Nizami Gəncəvi otağının açılış mərasimi keçirilib. Azərbaycanın Pakistandakı səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Pakistanın Nazirlər Kabinetinin Əlaqələndirmə Naziri Babar Yaqub Fateh, Milli Kitab Fondunun icraçı direktoru İnam ul Haqq Caved, Pakistanın tanınmış ziyalıları, ictimai- siyasi xadimləri, Türkiyə, Özbəkistan, Tacikistan və digər ölkələrin səfirləri iştirak ediblər. Mərasim iştirakçıları qarşısında çıxış edən Pakistan Milli Kitab Fondunun icraçı direktoru professor İnam ul Haqq Caved Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığı haqqında danışmışdır. Demişdir ki, Nizami lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Pakistan Milli Fondu haqqında danışan natiq bu təşkilatın Kəraşi, Peşəvar, Lahor, Kvetta və Multnan şəhərlərində filiallarının olduğunu, fondun nəzdində 23 kitabxana və muzeyin fəaliyyət göstərdiyini vurğulamışdır. Milli Fondun direktoru İnam ul Haqq bildirib ki, Pakistan Kitab Fondu Nizami Gəncəvinin əsərlərin urdu dilinə tərcumə etməsi haqqında qərar qəbul edib.

Azərbaycan-Pakistan gənclər forumunun Prezidenti, "Kitab Səfiri" Məhəmməd Asif və sülh və demokratiya institunun direktoru Farhat Nur isə öz çıxışlarında Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapdığını qeyd ediblər. Vurğulayıblar ki, Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq olub, İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Hökuməti, Milli Kitab Fonduna Azərbaycanın dahi şairinin adını daşıyan otağın açılışına dair qərar verdiklərinə görə dərin minnətdarlığını bildirib. Nizami Gəncəvi yaradıcılığından danışan səfir, şairin bütün yaradıcılığı boyu yazmış lirik şerlərdə mütərəqqi ictimai-fəlsəfi fikirlərini ifadə etdiyini vurğulayıb. D.Şikarov, Nizaminin Gəncəvinin dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" müəllifi kimi daxil olduğunu bildirib. Nizamı Gəncəvinin dünya ədəbiyyatına etdiyi töhfələrdən danışan səfir, şairin eyni zamanda böyük vətənpərvər olduğunu xüsusi vurğulayıb, öz şerlərində əsasən haqq-ədaləti təlqin edib. Bildirib ki, Nizami Gəncəvi, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışıb. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın Nazirlər Kabinetinin Əlaqələndirmə Naziri Babar Yaqub Fateh, Nizami Gəncəvinin yaradıcılığının hümanizm, yüksək sənətkarlığı ilə Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərdiyi, dünya mədəniyyəti xəzinəsinə daxil olduğunu qeyd edib. Həyatın bütün sahələrində iki qardaş xalq arasında yüksək dinamizmlə inkişaf etdiyini bildirən nazir, Nizami Gəncəvi otağının açılışının mədəniyyət sahəsində əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar Nizami Gəncəvi otağı ilə tanış olublar. Səfirliyin dəstəyi ilə təmir edilən Nizamı Gəncəvi otağında şairin portreti, ingilis və azərbaycan dillərində kitabları, eyni zamanda Məhəmməd Fizuli, Xəqanı, İmaməddin Nəsimi, Şah İsmail Xətai, Mirzə Ələkbər Sabir və Azərbaycanın digər şair və yazıçılarının də portretləri yerləşdirilib. Bununla yanaşı otaqda, Azərbaycanın zəngin mədəniyyətini əks etdirən çoxsaylı eksponatlar da yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə