“Azərbaycan - möcüzəli Odlar Yurdu”

“Azərbaycan - möcüzəli Odlar Yurdu”

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) "Azərbaycan - möcüzəli Odlar Yurdu" kataloqu çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, çex və ingilis dillərində hazırlanmış bu nəşrin elmi redaktoru MATM-ın direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifi tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.

Əsasən Çexiya oxucuları üçün nəzərdə tutulan kataloq hazırda Praqa şəhərində böyük uğurla keçən eyniadlı sərginin ziyarətçilərinə paylanır. Kataloqun ilk səhifələrində Milli Azərbaycan Tarixi və Çexiya Milli muzeylərinin direktorları Nailə Vəlixanlının və Mixal Lukeşin çex oxucularına müraciətləri yer alıb.

Nəfis tərtibatlı, albom formatlı, 190 səhifəlik kataloqun birinci hissəsində Azərbaycan, onun adının mənşəyi, xalqımızın formalaşması, tarixi, mədəni irsi, turizm potensialı haqqında məlumat yerləşdirilib.

Kataloqun ikinci hissəsində sərgidə nümayiş olunan 300 eksponat haqqında ətraflı məlumat verilib. Hər eksponatın fotoşəkilləri ilə bərabər onun adı, tapılma yeri, ölçüləri, dövrü qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə