"Türk dövlətlərinin ortaq televiziyasının fəaliyyətə başlaması ilə ilk informasiya məkanı yaradılacaq. Çünki bu gün televiziya informasiya vermək baxımından ən önəmli məkandır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov söyləyib.
Onun sözlərinə görə, bu ideya türk mədəniyyətlərinin birləşdirilməsinə kömək edəcək: "Nəzərdə tutulur ki, bu televiziyalarda daha çox mədəniyyət məsələləri yayımlansın. Çünki türk dünyasını birləşdirən birinci növbədə mədəniyyətdir. Türk dünyasında və dünyada da mədəniyyətin təbliği bütün hallarda mübahisəsizdir. Yəni heç bir maniəsiz təbliğ olunur. Vaxtilə Ümummilli Lider Heydər Əliyev söyləmişdi ki, "Türk dünyası arasındakı bu mədəni birliyi siyasi birlik tamamlamalıdır". Çox təəssüf ki, biz hər zaman qeyd edirik ki, bizim dövlətlərimiz, cəmiyyətlərimiz arasında siyasi-ideoloji yaxınlaşma mövcuddur. Amma onun jurnalistikası yoxdur. Həmçinin informasiya mübadiləsi çox zəifdir. Yəni ümumən türk dünyasına düşünən jurnalistika lazımdır ki, türk dünyasında baş verən hadisələri ümumtürk marağından şərh etsin. Bu gün türk dünyasının hər bir yerində problem var. Məsələn bizim Dağlıq Qarabağ problemimiz mövcuddur. Hesab edirəm ki, elə jurnalistika lazımdır ki, Dağlıq Qarabağ problemini ümumən türk dünyasının problemi kimi qabartsın və elə olmasın ki, türk dünyasının harasındasa bu məsələdən xəbəri olmayanlar olsun. Eyni hadisə Özbəkistanda, Qazaxıstanda da var və ya ola bilər. Bununla da ümumi jurnalist təfəkkürü yaradılacaq. Hələ ayrı-ayrı türk dövlətlərin televiziyalarında bu məsələlərin qaldırılması, müxtəlif verilişlərin verilməsinin ilk cəhdləri gedir. Ancaq bu, həm də türk xalqlarının ünsiyyət dillərinin ümumiləşməsinə kömək edəcək. Düşünürəm ki, təfəkkür ümumiləşməsi olmadan dil ümumiləşməsinin olması çətin məsələdir. Bunun üçün də ən fəal, aktiv vasitə televiziyadır. Hesab edirəm ki, bu məsələ tədricən reallaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB