Polşada “Azərbaycan dili“ dərsliyi nəşr olunub

Polşada “Azərbaycan dili“ dərsliyi nəşr olunub

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın Polşanın "Dialoq" nəşriyyatında Azərbaycan və polyak dillərində nəşr olunan "Azərbaycan dili" (Varşava universiteti üçün) dərsliyinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Azərbaycan Atatürk Mərkəzinin sədri, Milli Məclisin deputatı, təqdimatı keçirilən kitabın redaktoru Nizami Cəfərov, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, Polşanın Azərbaycandakı səfirliyinin rəsmi nümayəndəsi və siyasətçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə ADU-nun rektoru Səməd Seyidov açaraq, Azərbaycan və polyak dillərində Polşada nəşr olunan kitabın Polşanın Varşava Universiteti Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi istifadə ediləcəyini diqqətə çatdırıb: "Bu dərs vəsaiti Azərbaycan mədəniyyətinə, incəsənətinə Beynəlxalq səviyyədə ildən-ilə artan maraq baxımından Azərbaycan dili, onun öyrənilməsi, təbliği, Azərbaycanı dünyaya daha yaxından tanıtmaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il, 9 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş "Azərbaycan dilini öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbaycanlılar üçün tədris vəsaitinin daha da intensiv hazırlanmasının təmin olunması" 4.1.14 bəndinin qarşıya qoyduğu vəzifələrə uyğyn olaraq ərsəyə gəlib. Dərslik ADU-də hazırlanıb, elmi redaktoru professor Nizami Cəfərovdur. Düşünürəm ki, bu uğurlu işi xüsusilə qiymətləndirmək lazımdır. Azərbaycanın dilinin Polşada dərslik kimi öyrənilib, qəbul olunursa deməli bizim gördüyümüz iş düzgündür. Aydındır ki, dövlətin qayğısı olmasaydı biz də bu müvəffəqiyyətə nail ola bilməzdik".

Nizami Cəfərov da söz alaraq Azərbaycan dilinin böyük dillər siyahısında 22-ci yerdə olduğunu xüsusilə diqqətə çatdırıb.

Daha sonra digər natiqlər öz çıxışlarına Fəridə Səfiyevanı təbrik edərək bu uğurun Azərbaycan dilinin uğuru olduğunu vurğulayıblar.

Sonda ADU-in Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva çıxışında dərs vəsaiti nəzəri materiallar (fonetika, söz yaradıcılığı, morfologiya, sintaksis), çalışmalar, dialoq və mətnlərdən ibarət olduğunu bildirib: "Bu nəzəri material sxemlərlə verilib. Bu da vizual yaddaşa əsaslandığı üçün mənimsəməni xeyli dərəcədə asanlaşdırır. Tərcümə üçün nəzərdə tutulan dialoq və mətnlər həm şifahi nitq vərdişlərinin yaranmasına, həm də Azərbaycanın tarixi keçmişi, mədəniyyəti, incəsənəti, adət-ənənəsi, musiqisi, görkəmli şəxsiyyətləri ilə bağlı məlumatlar əldə olunmasına yardım edir. Lüğət bölməsində kitabda verilən materiallara uyğun sözlərin tərcüməsi əksini tapır".

Qeyd edək ki, professor Fəridə Səfiyeva 50-dən artıq elmi məqalənin, iki dərs vəsaitinin, iki monoqrafiyanın, üç proqramın müəllifidir. Elmi məqalələri Rusiyada, Ukraynada, Türkiyədə və başqa ölkələrdə çap olunan F.Səfiyeva bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə