Nə üçün Azərbaycanda “Nobel” mükafatı alan yoxdur? MÜNASİBƏT

Nə üçün Azərbaycanda “Nobel” mükafatı alan yoxdur? MÜNASİBƏT

Hər il İsveçin paytaxtı Stokholmda "Nobel" mükafatı təqdim edilir. Lakin təəssüflər olsun hələ də ölkəmiz bu mükafata layiq görülməyib. Bununla əlaqədar olaraq xalq şairi, Yazıçılar Birlinin katibi Fikrət Qocanın münasibətini öyrəndik: "Bəllidir ki, bu pulları Alfred Nobel Azərbaycanda qazanıb. Abşeronun neft mədənləri isveçli alimi sonda elə bir sərvətə yiyələndirib ki, əsrlər keçsə də, bu sərvət tükənməyəcək. Bu mənada, bizim elm, təhsil xadimlərimizin, yazıçılarımızın, siyasət adamlarının bu ali mükafata sahib çıxmağa daha çox haqqı çatır. Belə demək mümkündürsə bu mükafat Bakı neftindən yığılmış hasilat hesabına yaradılıb. "Nobel" mükafatını elə yazıçılara verirlər ki, onlar siyasi düşüncəyə malik insanlardır. Müəyyən siyasəti yerinə yetirirlər və onlara həmin mükafat təqdim olunur. Bu da onlara sərf edir. "Nobel" mükafatı layiqli insanlara təqdim edilməsi çox az-az hallarda baş verir. "Nobel" mükafatı verilən insanlar geniş müzakirələrdən keçir. Bu mükafatın verilməsi uzun və çətin prosesdir. Başqa ölkələrin yazıçıları hər zaman bir-birilərini müdafiə edir və hər şeyin yaxşısını özlərini layiq bilirlər. Ancaq təəssüf edirəm ki, bunu bizim ölkəmizə şamil etmək olmaz. Düşünürəm ki, nə vaxtsa Azərbaycan da bu mükafata layiq görüləcək".

Qeyd edək ki, bəşəriyyət tarixində elə bir mükafat yoxdur ki, öz nüfuzuna və beynəlxalq əhəmiyyətinə görə Alfred Nobelin (1833-1896) adını daşıyan mükafatla müqayisə edilə bilsin. Elm aləmində ən çox dinamitin ixtiraçısı kimi tanınan Nobel ölümündən bir qədər əvvəl bu mükafatın təsis olunmasını vəsiyyət edib. Onun ölümündən sonra açıqlanmış vəsiyyəti bütün dünyada heyranlıqla, doğma İsveçdə isə hiddətlə qarşılanıb. Dinamitin məşhur ixtiraçısının vəsiyyəti çoxsaylı qohumlarını isə lap əməlli-başlı sarsıdıb. Nobel öz xüsusi fondu üçün o dövrə görə fantastik kapital-33 milyon İsveç kronu saxlamışdı. Kapitalın gəliri (il ərzində toplanmış faizlər), Nobelin iradəsinə görə ötən il ərzində bəşəriyyətin tərəqqisinə böyük töhfə vermiş adamlara mükafat şəklində verilməli idi. İsveç kralı II Oskar vəsiyyətçinin ideyasını ağılsızlıq kimi qiymətləndirmişdi. Həmin məbləğə nisbətən çox az, cəmi 1,5 milyon kron miras alan qohumları və yaxınları isə elə o saat sənədi protest etmişdilər. Təhqiqat, demək olar ki, 4 il davam etdi və yalnız 1901-ci ilin 10 dekabrında - Alfred Bernhard Nobelin vəfatı günü - vəsiyyət təntənəli şəkildə yerinə yetirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə