"Nabat” filmi ilə bağlı mətbuat konfransı keçirilib FOTOLAR

"Nabat” filmi ilə bağlı mətbuat konfransı keçirilib FOTOLAR

Bu gün Nizami Kino Mərkəzində C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Nabat" bədii filminin beynəlxalq nailiyyətlərinin illik yekununa həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda filmin quruluşçu rejissoru Elçin Musaoğlu çıxış edərək "Nabat" filminin 71-ci Venesiya Beynəlxalq Film Festivalında, Milan Film Festivalında, Çikaqo, San Paulo, Tokio Beynəlxalq Film Festivalı, Mannheym-Heydelberq, Hindistan və Mərakeş Film Festivallarında uğurla nümayiş olunduğunu diqqətə çatdırıb: "Yaxşı kino çəkmək üçün pul hər şey demək deyil. Düşünürəm ki, əsas yaxşı ideyadır. Bütün ölkələrdə kinonu dövlət maliyyələşdirir. Məsələn, Almaniyada ildə 50 film çəkilir. Həmin filmlərdən təkcə 5-i dünya festivallarında iştirak edir. 45-i ölkənin daxilində nümayiş edilir. Azərbaycanda isə ildə 5-6 film çəkilir. Əlbəttə ki, bu filmlərin hamısı uğurlu olmaya bilər. Əsas odur ki, rejissorlarımız film çəksinlər. Hesab edirəm ki, yaxşı filmin çəkilməsi üçün rejissorlara tam sərbəstlik verilməlidir".

Nəzərinizə çatdıraq ki, ekran işinin əsas süjet xetti belədir. İki müharibə aparan dövlətin sərhədində yerləşən dağ kəndində Nabat adlı tənha, yaşlı qadın yaşayır. Bir gün səhər tezdən məlum olur ki, bütün kənd camaatı evlərini tərk ediblər. Nabat, kənd xarabaya çevrilməsin deyə hər gecə yalnız qalmış evlərin işıqlarını yandırır. Bunu görən düşmən tərəf düşünür ki, kənd camaatı kənddən çıxmayıb, demək ki, döyüşə hazırdırlar. Sonra Nabat bombardman nəticəsində balalarını itirmiş dişi canavarla rastlaşır.

Qeyd edək ki, rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı "Nabat" filmi 2015-ci ilin yanvar ayında İsveçdə nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə