İnquşetiyanın incəsənət ustalarının konserti olub

İnquşetiyanın incəsənət ustalarının konserti olub

Azərbaycan Respublikasında İnquşetiya Respublikası Mədəniyyəti Günləri çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında İnquşetiyanın incəsənət ustalarının konserti olub. SİA-nın verdiyi məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tədbiri açaraq Azərbaycanda İnquşetiya Mədəniyyəti Günlərinin keçirilməsinin iki xalq arasında mədəni əlaqələrin inkişafında əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının İnquşetiya Respublikası mədəniyyət nazirinin müavini Ayna İlyasova toplaşanların hamısına minnətdarlığını bildirərək İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurovun salamını onlara yetirib.

Sonra İnquşetiya mədəniyyəti haqqında sənədli film göstərilib.

Konsertdə İnquşetiya Dövlət Filarmoniyasının aparıcı solistləri Alaudin Esmurziyev, Lyubov Baraxoyeva, Rahman Bekov, Raqda Xaniyeva, habelə "İnquşetiya" Dövlət xalq rəqs ansamblı iştirak ediblər.

İnquşetiyanın incəsənət xadimləri Bakı sakinlərinə rəngarəng milli mədəniyyətlərini nümayiş etdiriblər. İnquşetiyanın və Çeçen Respublikasının Əməkdar İncəsənət Xadimi Ruslan Qadaborşevin rəhbərlik etdiyi "İnquşetiya" Dövlət rəqs ansamblı ən yaxşı xoreoqrafik çıxışlarını – "Dağlarda dan yeri sökülür", "Səhənglərlə rəqs", "Bulaqda görüş", "İnquşetiya ritmləri" və s. rəqsləri tamaşaçılara təqdim edib. Konsert Bakı tamaşaçılarında böyük maraq doğurub.

Azərbaycanda İnquşetiya Respublikası Mədəniyyəti Günlərinin keçirilməsi ikitərəfli mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə, iki xalqın mədəniyyətlərinin mübadiləsinə və bir-birini daha da zənginləşdirməsinə, yaradıcılıq görüşlərinin artmasına xidmət edəcək.

Qeyd edək ki, dekabrın 4-dək davam edəcək İnquşetiya Respublikası Mədəniyyəti Günləri Azərbaycanda ilk dəfə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə