Şahdağ Turizm Kompleksində xidmətlərin qiymətlərində artım olmayacaq
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin konfrans zalında nazir Əbülfəs Qarayevin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda nazir Əbülfəs Qarayev bildirib ki, qış turizm mövsümünün dekabr ayının 20-25-də elan edilməsi planlaşdırılır.
"Azərbaycanda hava şəraitinin qarlı keçib-keçməməsindən asılı olaraq, qış turizm mövsümünü dekabrın 20-25-də elan edilməsini nəzərdə tutmuşuq. Nazirliyin Turizm şöbəsi Şahdağ Qış-Yay Turizm Kompleksi İdarəsi ilə birlikdə turizm şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçirəcək. Həm Şahdağ, həm də Tufandağda əsas narazılıqlar xizək sürülməsi üçün geyimlərin verilmə vaxtı ilə bağlıdır. Bilirsiniz ki, geyimlərin verilməsi ilə bağlı hər adama azı 15-20 dəqiqə xidmət etmək tələb olunur. Ona görə də birdən-birə 200-300 nəfərə xidmət göstərmək olmur. Keçən il yanvarın 1-də 1800 adam xizək sürməyə gəlmişdi. O zaman bununla bağlı müəyyən narazılıqlar yaranmışdı. Bu il isə turizm şirkətləri xizək sürməyə getmək istəyən insanların geyim ölçülərini qabaqcadan alacaq və bu məlumatları Şahdağ Qış-Yay Turizm Kompleksinin İdarəsinə verəcək. Bunun nəticəsində gələn turistlərə əvvəlcədən hazırlanmış və nömrələnmiş geyimlər veriləcək"- deyə, nazir qeyd edib.
Əbülfəs Qarayev bu il Şahdağ Qış-Yay Turizm Kompleksində xidmətlərin qiymətlərində artım olmayacağını da vurğulayıb: "Bu il xidmətlərin qiymətində heç bir artım olmayacaq. Əksinə daha çox və keyfiyyətli xidmətlərin təqdim edilməsi nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB