"Lavaş bütün regionda hazırlanır və ermənilərin eksklüziv çörəyi deyil"
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin konfrans zalında nazir Əbülfəs Qarayevin iştirakı ilə YUNESKO-nun 9-cu sessiyasının Azərbaycan üçün nəticələrinə həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda nazir Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında lavaşın bütün regiona məxsus olduğunu diqqətə çatdırıb. Bildirib ki, lavaşı kim bişirirsə həmin dövlətə məxsus olduğu anlamına gəlmir: "Bu gün reallıq odur ki, Ermənistanda lavaş bişirilir. Bununla yanaşı lavaş Azərbaycanda, Türkiyədə və başqa ölkələrdə də bişirilir. Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz. YUNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapdı. YUNESCO-nun verdiyi qərara əsasən lavaş bütün regionda hazırlanır və ermənilərin eksklüziv çörəyi deyil. Düşünürəm ki, bu Azərbaycanın daha bir qələbəsi hesab olunur".
Nazir həmçinin kəlağayının YUNESKO-nun siyahısına salınmasının Azərbaycan mədəniyyəti üçün böyük uğur olduğunu dilə gətirib: "Hər kəs yaxşı hadisələrə, böyük uğurlara alışıb. Kəlağayının Parisdə YUNESKO-nun irs siyahısına salınması da çox böyük hadisədir. Lakin mətbuatda bu bir o qədər də geniş təqdim olunmadı. Hesab edirəm ki, mədəniyyətimizə başucalığı gətirən mövzuları davamlı olaraq təbliğ etmək lazımdır. Onu da deyim ki, Azərbaycan neçə ildir fasiləsiz olaraq mədəni irsini bəşəriyyətin siyahısına daxil edə bilib. Bunun da başlıca səbəbi xalqın yaradıcılığı, dövlətin düzgün siyasəti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın YUNESKO ilə çox sıx əməkdaşlığı dayanır. Düşünürəm ki, bu qələbəni mətbuat vasitəsi ilə bütün dünyaya geniş formada təqdim etməliyik. Xalqımız da bilməlidir ki, biz bu qələbəni heç də asan formada qazanmamışıq. Bir sözlə biz öz qələbələrimizə sevinməyi bacarmalıyıq".
Nazir həm də vurğulayıb ki, gələn həftə kəlağayı ilə bağlı daha təmtəraqlı təqdimat keçiriləcək. Bildirib ki, tədbirdə kəlağayı ustaları, bu işin üzərində çalışanlar, YUNESKO-da kəlağayının qəbul edilməsində rolu olan ən sıravi adamlara qədər hamı iştirak edəcək: "Lavaş haqqında danışıldı və zərbə kəlağayıya dəydi. Çünki lavaşı o qədər pis yerə çəkib, yazıb-pozdular ki, kəlağayının qələbəsini doyunca yaşaya bilmədik. Amma fakt odur ki, biz kəlağayını siyahıya sala bildik. Gələn il ermənilər YUNESKO-nun müvafiq siyahısına nəyi salmağa cəhd edəcəyini qabaqcadan deyə bilmərik. Yalnız bizim bundan 2-3 ay əvvəl xəbərimiz olur. Ermənilər gələn il ola bilər ki, dolmanı və ya hər hansı rəqsimizi də oğurlayıb o siyahıya salmağa cəhd etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB