COMCEC-in 30-cu Nazirlər sessiyası öz işini uğurla başa vurub

COMCEC-in 30-cu Nazirlər sessiyası öz işini uğurla başa vurub

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 30-cu Sessiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, sessiya çərçivəsində yüksək vəzifəli şəxslərin iclası zamanı İslam dövlətləri arasında turizm, ticarət, yoxsulluğun aradan qaldırılması, nəqliyyat və rabitə, maliyyə və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunmuş, müxtəlif ölkələrin təcrübələri dinlənilmiş və müvafiq sənəd layihələri hazırlanıb. Tədbir çərçivəsində həmçinin, COMCEC-in maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin təqdimatı keçirilib. Layihələr arasında yer alan Mədəniyyət və Turizm Nazirliyinin "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi ən uğurlu layihə kimi qiymətləndirilib.

COMCEC-ə üzv olan ölkələrinin nazirlərinin iclası öz işinə başlayıb. Türkiyə Respublikasının dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən və 54 üzv ölkədən 350-dən çox iştirakçının qatıldığı tədbirdə Azərbaycan Respublikasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə dövlət və özəl sektor nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.

"İƏT-ə üzv olan dövlətlərdə turizm sahəsinin inkişafında dövlət-özəl sektor tərəfdaşlığının rolu" mövzusuna həsr olunmuş iclasda çıxış edən nazir Azərbaycanın COMCEC-dəki yeri və rolu, nazirliyin həyata keçirdiyi beynəlxalq layihələrin uğurlu nəticələri, Azərbaycanda turizm sahəsində dövlət və özəl sektor əməkdaşlığının rolu barədə iştirakçılara məlumat verib.

İclas zamanı xüsusi diqqəti Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə yönəldən Əbülfəs Qarayev işğal nəticəsində ölkəmizin böyük bir ərazisində mədəni irsimizin məhv edildiyini, turizm sahəsində mənfəət əldə etmək və inkişafa nail olmaq imkanlarının itirildiyini və Ermənistanın mədəni-tarixi irsimizə təcavüzü davam etdirdiyini bildirib. Bununla yanaşı, bəzən xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik işğal altında olan torpaqlarımızın Ermənistan ərazisi kimi və ya müstəqil dövlət olaraq təbliğ olunması barədə danışan nazir belə halların qarşısını almaq məqsədi ilə üzv ölkələri bu məsələyə diqqətli yanaşmağa və Azərbaycanın maraqlarını qorumağa çağırıb. Əbülfəs Qarayev Ermənistanın lavaşı erməni çörəyi adı altında YUNESKO-nun Reprezentativ siyahısına daxil etmək cəhdinin Azərbaycan və Türkiyə tərəfinin birgə səyi nəticəsində qarşısının alınması barədə məlumat verərək, qeyd edib ki, mədəni irsimizin qorunmasında tərəflərin həmrəyliyi olduqca böyük əhəmiyyət kəsb edir.

İslam mədəni irsinin qorunub saxlanmasının və təbliğinin önəmli olduğunu qeyd edən Ə.Qarayev təşkilata üzv ölkələri 2015-ci ildə Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.

Sessiyanın son günü İslam ölkələrinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və İslam ölkələrində inkişaf problemləri və 2015-ci ildən sonra inkişaf yolları mövzusunda müxtəlif panel diskussiyalar keçirilib.

Tədbirin sonunda COMCEC-in 30-cu Nazirlər Sessiyasının Bəyannamə layihəsi qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə