Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Kəmaləddin Behzad adına Rəssamlıq və Dizayn İnstitutunda "Böyük İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə" adlı rəsm sərgisi açılıb. SİA-nın verdiyi məlumata görə, sərginin açılışında səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri, habelə Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tanınmış sənət adamları və rəssamlar, institutun professor-müəllim heyəti, tələbələr iştirakı ediblər.
Əvvəlcə iştirakçılara "Böyük İpək Yolu" haqqında qısametrajlı sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə institutun rektoru, professor Xasan Aminov açaraq sərginin keçirilməsində əsas məqsədin iki qardaş ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsi, xalqlarımızın ortaq dəyərlərinin təbliği və Böyük İpək Yolunun hər iki xalqın həyatındakı rolunu bir daha göstərmək olduğunu bildirib.
Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, xalq rəssamı Akmal Nur çıxışında bu cür sərgilərin hər iki tərəf üçün faydalı olduğunu və Azərbaycan rəssamlarının əsərlərinə qardaş ölkədə böyük maraq doğurduğunu qeyd edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafından söz açıb, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın siyasi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistanın dövlət başçısı İslam Kərimovun Azərbaycana son illərdəki səfərləri, mədəniyyət sahəsində daha da genişlənən əlaqələrindən məmnun olduğunu söylədi.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxışında sərgidə tanınmış Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Ərtegin Salamzadə, Elbəy Rzaquliyev, Hüseyn Haqverdiyev və digər fırça ustalarının əsərlərinin Özbəkistana gətirildiyini və sərgidə nümayiş etdirildiyini bildirdi.
Daha sonra sərginin açılışı oldu. Açılışda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olundu.
Azərbaycan tərəfi ilə yanaşı sərgidə özbək tərəfindən tanınmış rəssamlar Akmal Nuriddinov, Sabir Raxmedov, Cablan Umirbekov, Baxadur Calalov və digər sənətkarların rəsmləri yer alıb.
Qeyd edək ki, sərgi 3 gün müddətində iştirakçılara açıq olacaq və sərgidə Böyük ipək yolu haqqında hər iki ölkə rəssamlarının 80-dən artıq əsəri nümayiş etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB