Praqadakı Çexiya Milli Muzeyinin binasında "Azərbaycan - Möcüzəli Odlar Yurdu" adlı sərginin açılış mərasimi keçirilib. Azərbaycanın Çexiyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin, Çex Respublikası Milli Muzeyinin təşkilatçılığı və ölkəmizin Çexiyadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Tədbirdə Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını söyləyiblər.
Tədbirdə Çexiyanın Xarici İşlər, Mədəniyyət Nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, çex və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbirdə səfirliyin əməkdaşları Nigar Əfəndiyeva və Tural Gəncəliyevin dahi bəstəkar Üzeyir Hacıbəylinin "Sənsiz" romansını tarda və fortepianoda canlı ifa etmələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonra Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.
Çexiya Milli Muzeyinin binasının müxtəlif zallarında Azərbaycanın qədim və zəngin tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim pul əsginazları və digər dəyərli əşyalar nümayiş etdirilib.
Qeyd edək ki, sərgiyə gələn iştirakçılar üçün Azərbaycanın mədəniyyəti və tarixi haqqında müxtəlif nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş "İrs" jurnalı və digər məlumat kitabçaları və broşürlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB