Bakıda Koreya Kino Festivalının açılış mərasimi keçirilib

Bakıda Koreya Kino Festivalının açılış mərasimi keçirilib

Nizami Kino Mərkəzində Koreya Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Koreya Kinosu Festivalının açılış mərasimi keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasimi SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova açaraq festivalın əhəmiyyətindən danışıb: "Azərbaycan-Koreya əlaqələrinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Koreya Respublikası prezidentinin ölkəmizə və Prezident İlham Əliyevin Koreyaya rəsmi səfərindən sonra bu əlaqələr daha da genişlənib. 2005-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə ilk dəfə ölkəmizdə Koreya Kinosu Günlərini keçirib".

Mərasimdə çıxış edən Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Ço Taeyonq çıxış edib: "Koreya ilə Azərbaycan arasında münasibətlər olduqca sürətlə inkişaf edir. Lakin bu inkişafa baxmayaraq yerdə qalan və hələ də gerçəkləşməyən böyük potensial vardır. Yaxın gələcəkdə bu potensialı ərsəyə gətirərək həm Koreya, həm də Azərbaycan xalqı üçün bir sıra faydalı işləri reallaşdıracağıq".

Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Koreya Kinosu Festivalının ölkəmizdə daha bir mədəniyyət bayramı olduğunu söyləyib.

Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-İn Koreya Kinosu Festivalına Baş nazir Çanq Honqvonun təbrik ismarıcını çatdırıb.

Sonra 2005-ci ildə keçirilmiş Koreya Kinosu Günləri barədə qısa film göstərilib. Təqdim olunan festivalın ilk filmi isə – rejissor Lee-Yonq-Junun "Memarlıq 101" adlı ekran əsəri olub.

Qeyd edək ki, Koreya Kinosu Festivalı noyabrın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə